İnsanın kimliyi barədə suallar arasında ən vacib sual?!
İnsan bu dünya həyatında nə etməli olduğunu anlamaq üçün, ilk öncə öz kimliyini müəyyən etməlidir. Öz kimliyini müəyyən etmədən, “nə etməli”lərdən danışmağın heç bir mənası yoxdur. Təəssüflər olsun ki, bu gün bəşəriyyətin problemi yanlış “nə etməli”lər dalınca getməkdədir.
Əvvəlcə kim olduğunu müəyyən etməli olan insan, praktiki həyatında əsas etibarilə “nə etməli”lərlə məşğuldur. İstər sağ düşüncə tərzi, istər sol düşüncə tərzi “nə etməli”lərlə məşğul olur. Amma gəlib çıxdıqda ki, insan kimdir ki, bunun nə etməlisi nə olsun – bununla bağlı boşluq var. Deyə bilərik ki, bir neçə əsrdir ki, bəşəriyyət bu mövzuda çox ciddi bir boşluğa yol verir. Bu gün dünyanın mənəvi böhranının, insani böhranının əsas səbəblərindən biri bundadır.
İslamın bizə öyrətdiyi ən əsas mövzulardan biri – bizə öz kimliyimizi tanıtmaqdır. Kimliyimizi tanıtmaq üç müstəvi üzərindədir.
Birincisi – bizim başlanğıcımızdır. Bir haradan gəlmişik? Az-çox möminlər, iman əhli tövhidlə, Yaradanla tanış olur, Allahı tanımaqları ilə bu mövzuda bir yerlərə gəlib çata bilir.
Bir sual da budur ki, biz hara gedirik? Hara gedəcəyimizlə bağlı, Məadla bağlı da inanclı insanların müəyyən qədər bilgiləri var.
Amma təəssüflər olsun ki, harada olduğumuzla bağlı bir durğunluq var. Bizlər o sual üzərində az düşünürük, az danışırıq. Nə etməli mövzusunda da bu sualın çox yeri var. Biz haradayıq? Yəni, bu dünya haradır? Rəbbimiz bizi yaradıb, bir gün də ölüb gedəcəyik. Bəs bura nədir, buranın statusu nədir, bura nə üçündür?