“Maİdə” surəsİnİn üçüncü ayəsİ HӘZRӘT Əlİ (ə) haqqındadırmı?


Cavab: Ayənin Qədir günü nazil olmasını Təbəri, ibn Mərdəviyyə, Əbu-Nəim İsfəhani, Xətib Bəğdadi, Əbül-Qasim Əl-Həkim Əl-Həsəkani, İbn-Əsakir Dəməşqi, Xətib Xarəzmi, İbn-Kəsir Şami və bir çox başqa hədis və tarix ustadları təsdiq etmişlər. Əgər bu alimlərin mövqeylərinə, Peyğəmbər Əhli-beytinin rəvayətlərinə əsaslansaq, bu ayənin Qədr günü nazil olması şübhə doğurmaz.
Ayələrin bir çox mövzularda təfsirçilər üçün çətinlik yaradan tərtibi uyğun suala aydınlıq gətirir. Çünki ayələrin nazilolma tәrtibi onların Qurandakı ardıcıllığından fərqlənir. Məsələn, Mədinədə nazil olmuş bir çox surələr Məkkədə nazil olmuş müəyyən surələrdən qabaq gəlmişdir. Elə surələr var ki, onun ayələrinin bir hissəsi Məkkədə, digər bir hissəsi isə Mədinədə nazil olmuşdur. Belə ayələr arasında illərcə zaman fasiləsinin olması aşkar bir həqiqətdir.
Əgər ayələrin nazilolma şəraitini diqqətlə nəzərdən keçirsək, bir çox məsələlər aydınlaşar. Mədinə surəsi adlandırılan bəzi surələrin müəyyən ayələri Məkkədə nazil olmuşdur. Məsələn, əksər ayələri Mədinədə nazil olmuş “Ənfal” surəsinin 20-26-cı ayələri Məkkədə vəhy edilmişdir. Belə hallara “Şüəra”, “Kəhf” və bəzi digər surələrdə də rast gəlmək olar.
Demək, ayələrin bugünkü tərtibi onlar haqqında rəvayətdə deyilənləri gücdən sala bilməz. Onların hansı ardıcıllıqla nazil olması mötəbər rəvayətlərdə dəqiq göstərilmişdir və İslam alimləri Quran təfsirində bunu əsas götürürlər.
İnsanlar kitab tərtib edərkən adətən onu mövzulara görə tənzimləyirlər. Bir mövzu başa çatdırılmamış o biri mövzuya keçilmir. Quran isə müxtəlif hadisələrlə bağlı tədricən nazil edilmiş bir kitabdır. Ona görə də eyni bir surədə müxtəlif məqsədlər və mövzular izlənilə bilər. Buna əsasən də, Qurandakı ayələrin mövzu baxımından uyğun gəlməməsi bizi şübhəyə salmamalıdır. Quranda ayələr bəzən zəncir kimi bir-birlərinə bağlı halda nazil olur, bəzən isə mövzu baxımından bir-birindən fərqlənirlər.
Əgər deyilənləri nəzərə alsaq, qarşımıza çıxan bir çox problemlər həll olar. Bilməliyik ki, bir çox ayələr surələrin ortasında gəlmişdir və onların əvvəlki və sonrakı ayələrlə heç bir əlaqəsi yoxdur. Bəzi təfsirçilər ayələr arasında hansısa bir bağlılıq tapmağa çalışsalar da, olsun ki, boş yerə zəhmət çəkirlər. Çünki, bir surənin bütün ayələri eyni bir şəhərdə nazil olsalar da, bir dəfəyə nazil olmamışdır. Hər ayə hansısa münasibətlə, hansısa bir şəraitdə vəhy edilmişdir. Hər bir ayənin özünəməxsus nazilolma səbəbi var. Buna görə də ayələr arasında əlaqə axtarmaq yersiz bir işdir.
Bura qədər dediklərimiz surələr və ayələr arasındakı əlaqə haqqında idi və haqqında sual verilən ayə elə bir xüsusiyyətə malikdir ki, ötən izahlar məsələni aydınlaşdırmır. Yuxarıda deyilənlərdən aydın oldu ki, bir surədə olan ayələr bir-birləri ilə əlaqəli olmaya da bilər. Bəs bir ayənin tərkibində olan surələr necə? Ola bilərmi ki, ayənin bir cümləsində bir mövzu, digər cümləsində başqa mövzu bəyan olsun?
Əgər “Maidə” surəsinin uyğun ayəsində “Bu gün sizin dininizi kamil etdik cümləsi özündən əvvəlki və sonrakı cümlələrlə uyğun gəlmirsə, bu uyğunsuzluğun səbəbini yuxarıdakı izahlar açıqlaya bilirmi? Bütün bu sualları cavablandırmaq üçün əvvəlcə ayənin mətnini yazıb, sonra şərh verməyə məcburuq.
1. Ayənin birinci hissəsində oxuyuruq: “(kəsilmədən) ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılıb ölmüş, başqa bir heyvanın buynuzundan ölmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş, dikinə qoyulmuş daşın üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Canı çıxmamış kəsdiyiniz heyvanlar istisnadır.”
2. Bu gün kafirlər sizin dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun; Bu gün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı seçdim.”
3. Aclıq vaxtı əlləri başqa bir qidaya çatmadıqda günaha meyl göstərməyərək (haram edilmiş şeylərdən yeyə bilərlər) Allah bağışlayan və mehribandır.” Uyğun ayənin bu üç hissəsindən aydın oldu ki, onun ikinci hissəsi həzrət Əliyə (ə) aid olub-olmamasından, Qədir günü nazil edilib-edilməməsindən asılı olmayaraq, birinci və üçüncü hissədən fərqli, müstəqil bir mövzudur. İndi isə dəlilləri göstərək:
1. Əgər ayənin mətninə diqqət yetirsəniz görərsiniz ki, onun ikinci hissəsi ayədən çıxarılsa, birinci və üçüncü hissə arasındakı əlaqə qətiyyən pozulmur. Bəli, ayənin ikinci hissəsinin oradan çıxarılması ilə onun mövzusuna qətiyyən zərər toxunmur. Bu bir daha göstərir ki, ayənin ikinci hissəsi tamamilə müstəqil bir mövzudur.
2. Uyğun ayənin məzmunu “Bəqərə”, “Ənam”, “Nəhl” surələrində təkrarlanmışdır. Amma ayənin təkrarlandığı surələrdə onun ikinci hissəsi qeyd olunmamışdır. Nümunə üçün həmin ayələrdən birinə nəzər salaq: “Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir. Lakin əlacsız qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsə üçün günah yoxdur. Allah bağışlayan və mehribandır.” Göründüyü kimi, bu ayədə əsas mövzumuz olan ayənin birinci və üçüncü hissələri təkrarlanmışdır. Amma onun ikinci hissəsi ilə bağlı heç bir məlumat verilmir.
3. Ayələrin nazil olma səbəbi və şəraiti haqqında danışan rəvayətlərdə onun ikinci hissəsi müstəqil şəkildə araşdırılır. Məsələn, deyilir ki, ayənin uyğun hissəsi Qədir və ya Ərəfə günü nazil olmuşdur. Rəvayətlərdən göründüyü kimi, ayənin ikinci hissəsi müstəqil bir mövzudur və hansısa səbəblərdən birinci və üçüncü hissənin arasında yerləşmişdir.
Ona görə də şiə və sünni mənbələrində ayənin ikinci hissəsinin Qədir günü nazil olduğu və həzrət Əlinin (ə) vilayəti məsələsini bəyan etdiyi şübhə doğurmamalıdır. Ayənin birinci və üçüncü hissəsində fərqli mövzularda danışılması onun ikinci hissəsindəki həqiqəti aradan qaldıra bilməz.
Ayənin məzmununu diqqətlə nəzərdən keçirdikdə onun vilayət haqqında olmasına şübhə qalmır. Ayənin ikinci hissəsindəki cümlələr arasındakı bağlılıq yalnız onun imamət məsələsini bəyan etməsi ilə izah oluna bilər.
Ayənin ikinci hissəsində iki məsələdən danışılır: Müəyyən bir gündə kafirlər müsəlmanlara qələbə çalacaqlarından ümidlərini üzdülər, həm də Allah dini kamilləşdirdi. Bu iki hadisənin eyni vaxtda baş verdiyi günü müəyyənləşdirmək lazım gəlir. İndi isə həmin gün barədə deyilənləri nəzərdən keçirək:
1. Besət günü: Hadisənin besət günü baş vermədiyi açıq-aşkar görünür. Çünki həmin gün nə kafirlər məyus olmuşdu, nə də din bəyan edilmişdi.
2. Məkkənin fəthi günü: Bu ehtimal da əsassızdır. Çünki Məkkənin fəthi hicrətin 8-ci ili baş tutdu. Həmin vaxt müsəlmanlarla kafirlər arasında bir çox müqavilələr qüvvədə idi. Müşriklərə cahiliyyət dövründəki kimi həcc ziyarəti etmək icazəsi verilmişdi. Həmin gün kafirlərin məyus olması ehtimal edilmir. Eyni vaxtda din də kamilləşə bilməzdi. Çünki dinin bir çox hökmləri Məkkənin fəthindən sonra bəyan olundu.
3. Bəraət (kafirlərlə barışmazlığı elan) günü: Həmin gün həzrət Əli (ə) “Bəraət” surəsini müşriklərə oxudu. Əgər həmin gün müşriklər qələbədən ümidlərini üzmüşdülərsə də, dinin hökmləri bəyan olunub qurtarmamışdı. Olsun ki, hədd və qisas kimi hökmlər sonralar nazil olmuşdur. Hər iki şərtin ödəndiyi günü göstərməliyik.
4. Ərəfə günü: Bir çox sünni alimləri belə bir ehtimal üzərində dayanmışlar. Amma ayədə qeyd olunan iki hadisənin Ərəfə günü baş verməsi inandırıcı deyil. Müəyyənləşdirmək lazımdır ki, hansı kafirlər qələbədən əllərini üzdülər. Əgər qüreyş kafirlərinin və bütün bütpərəstlərin məyus olduğunu ehtimal etsək, bilməliyik ki, bu zümrə tamamilə başqa bir gün məyus olmuşdur. Qüreyş kafirləri Məkkənin fəthi günü, qalanlar isə “Bəraət” surəsi oxunduğu gün ümidlərini itirmişdilər. Əgər bütün yer üzündəki kafirlərin məyus olduğunu ehtimal versək, bu da həqiqətə uyğun olmaz. Çünki həzrət Peyğəmbər (s) dünyasını dəyişən günədək belə bir ümumi məyusluq olmamışdır.
Bundan əlavə, dinin kamilləşməsi nə deməkdir? Məqsəd həcc təlimi və onunla bağlı vəzifələrdirmi? Bilməliyik ki, bir vacib əməlin öyrədilməsi ilə din kamil olmur. Bəlkə, halal-haramın bəyan olunması dinin kamilləşməsidir? Bu ehtimal da həqiqətdən uzaqdır. Sünni alimlərinin bildirdiyinə əsasən, irs və sələm kimi bir çox hökmlər Ərəfə günündən sonra bəyan olunmuşdur.
Buna görə də etiraf etməliyik ki, ümidsizlik dedikdə dinin kamilləşməsi ilə müşayiət olunan ümidsizlik nəzərdə tutulmalıdır. Kafirlərin məyus olması və dinin kamilləşməsi kimi iki məsələ eyni zamanda baş verməlidir. Quranın bir çox ayələrində şəhadət verilir ki, kafirlər müsəlmanların dininə daim tamah gözü ilə baxmışlar. Onlar həmişə müsəlmanların İslam ayinlərindən uzaqlaşdırmaq fikri ilə yaşamışlar. Quranda oxuyuruq: “Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd ucbatından iman gətirmiş olduğunuz halda sizi yenidən küfrə sövq etmək istəyirlər.”
Amma müsəlmanlar günbəgün inkişaf edirdi və müşriklər səngərlərini tədricən itirirdilər. Kafirlərin ümid dairəsi saatbasaat daralırdı. Onların axır ümidi bu idi ki, ilahi ayinləri gətirmiş şəxsin övladı yoxdur və ondan sonra müsəlmanlara rəhbərlik edən tapılmayacaq. Onların ehtimalına görə, həzrət Peyğəmbər dünyasını dəyişdikdən sonra çox keçməmiş İslam ayinləri sarsılacaq və kafirlər müsəlmanlar üzərində qələbə çalaraq əvvəlki imtiyazlarını geri alacaqlar.
Quran aşağıdakı ayədə müşriklərin dilindən bu həqiqəti belə bəyan edir: “O bir şairdir ki, biz onun ölümü intizarındayıq.”
Bəli, kafirlərin son ümidi həzrət Peyğəmbərin (s) vəfatı idi. Amma həzrət Peyğəmbər özündən sonra müsəlmanlara rəhbər təyin etdiyi gün müşriklərin qəlbini ümidsizlik bürüdü və onların arzusu gözündə qaldı. Həmin gün həm kafirlər ümidsizliyə qapıldılar həm də İslam ayinləri möhkəm bir din şəklinə düşdü. Peyğəmbər (s) özünə canişin, müsəlmanlara rəhbər təyin etməklə dini kamilləşdirdi. Bu mənanı əsas götürdükdə ikinci hissədəki cümlələr bir-biri ilə uyuşur.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter