Qeybət dövründə sİfarİş olunan dualar hansılardır?
Əhli-beyt (ə) davamçıları arasında həzrət Məhdi (ə.f.) haqqında olan dualar və ziyarətlər mühüm əhəmiyyətə malikdir. İnsanların bir çoxu bu dua və ziyarətləri oxuyurlar. Çünki həzrət Məhdi (ə.f.) bizim əsrin və zamanın sahibi hesab edilir. Hədislərə əsasən, bu duaların fəziləti çoxdur. Belə ki, İmam Sadiq (ə) namaz vaxtı İmam Zaman (ə.f.) üçün dua edərdi.
Bu cür hədislərə nəzər salaraq, həzrət Məhdi (ə.f.) üçün dua etməyin əhəmiyyətini başa düşmək olar. Həzrət Məhdinin (ə.f.) salamatlığı üçün dua etməyin bərəkəti çoxdur. Eyni zamanda, o həzrətə dua etmək bizə olan məhəbbətini artırar. Bizim o həzrətlə qəlbi rabitəmizi gücləndirər. Başqa bir tərəfdən isə, o həzrətin (ə.f.) salamatlığı üçün dua etmək insanların təbii bəlalardan uzaq olmasına səbəb olar. Dua etməklə qəlbimizdə İmamın (ə.f.) xatirəsini canlı saxlamış oluruq. O həzrətin (ə.f.) zühuruna görə dua etmək bizi həyatımızda rifaha gətirib çıxarar. Bu fəzilətlərin sayı saymaqla bitməz.
“Tuqiyi-şərifə”də İmam Zamandan (ə.f.) nəql edilir ki, o həzrət buyurur: “Zühurun tezləşməsi üçün çoxlu dua edin”.
Möminin hacətinin həyata keçməsi çox mühüm və dəyərlidir. İmam (ə.f.) bu hədisdə bizdən istəmişdir ki, zühurun tezləşməsi üçün çoxlu dua edək. Bu cür hacətin həyata keçməsinin bərəkəti çoxdur. İmam Sadiq (ə) buyurur: “Hər kəs müsəlman qardaşının hacətini yerinə yetirmək üçün addım atarsa, bu işdə ciddiyyət göstərərsə, Allah o hacətin həyata keçməsini onun ixtiyarına verər. Allah-təala onun üçün bir həccin, bir ümrənin, Məscidül-həramı iki ay təvaf etməyin və orucun savabını yazar. Əgər bu iş üçün çalışarsa, ancaq hacətin həyata keçməsi onun ixtiyarına verilməzsə, Allah onun üçün bir həcc və ümrənin savabını yazar”. Peyğəmbərdən (s) nəql olunan hədisdə Həzrət (ə) buyurur: “Hər kəs mömin qardaşının Allahın rizası olan hacətinin həyata keçməsi üçün çalışarsa, sanki Allaha min il xidmət etmişdir və bir göz qırpımı qədər günaha batmamış kimi olar”.
Bütün bunlar o Həzrətə (ə.f) dua etməyin nəticələridir və bu mövzunun əhəmiyyətli olduğunu göstərir. Dediyimiz kimi, İmam Zaman (ə.f.) haqqında çox sayda dualar və ziyarətlər vardır.
İmam Sadiq (ə) “Əhd” duası haqda buyurur: “Hər kəs bu “Əhd” duası ilə qırx gün dua edərsə, bizim Qaimin (ə.f.) dostlarından olar və əgər həzrət Məhdi (ə.f.) zühur etməmişdən qabaq ölərsə, Allah zühur vaxtı onu qəbrindən çıxarar ki, o həzrətin xidmətində olsun. Hər sözünə görə min həsənə əta edər. Onun min günahını məhv edər”. Bu müstəhəb duadır. Sübh namazından sonra oxunar. “Əhd” duası həzrət Sahib Zaman (ə.f.) ilə beyətin təzələnməsi deməkdir. Onun cümə günündə oxunması vurğulanır.
Başqa bir Əhd duası vardır ki, “Allahummə yə İlahə illə ləhu” ilə başlayır və İmam Baqir (ə) o haqda buyurur: “Hər kim ömründə bir dəfə də olsa bu duanı oxuyarsa, bəndələrdən yazılmış olar. O zaman ki, həzrət Məhdi (ə.f.) zühur edər, onu özünün və atasının adı ilə səsləyər. Ona məktub verər və deyər: “Bu əhd məktubudur ki, dünyada bizimlə bağlamısınız”.
«Nüdbə» duası
“Nüdbə” duasını İmam Sadiq (ə) öz zamanının Əhli-beyt (ə) davamçılarına öyrətmişdir. Göstəriş vermişdir ki, 4 vaxtda: Cümə günü, Fitr, Qurban, Qədir-Xum bayramında oxusunlar. Həmçinin İmam Zamanın (ə.f.) qeybi vaxtı bu duanı oxumaq Sahib Zaman (ə.f.) ilə əhdin yenilənməsinə səbəb olar. Bu dua həzrət Məhdinin (ə.f.) zühuruna qədər olan Allah övliyalarının hüzuru haqqında danışır. Həmədani “Təkalifi-ənam” kitabında bu dua haqda buyurur: “O zaman ki, bu dua qəlbən, ixlas ilə və ali mənasına diqqət edərək oxunarsa, təkcə inayət deyil, İmam Zamanın (ə.f.) diqqətini cəlb edər. Həmin yerdə o Həzrətin hüzuruna bais olar”.
Bir çox övliyalar bu duanı oxumaqla həzrət Məhdi (ə.f.) ilə görüşmüşdülər. Mühəddis Nuri nəql edir ki, Əsgəreyn (ə) hərəminin yanında Muhəmməd adlı bir şəxs var idi. O, “Nüdbə” duasını oxuyardı. Həzrət Məhdi (ə.f.) gələr və onunla görüşərdi.
“Ali-Yasin” ziyarəti
“Ali-Yasin” ziyarəti məhşur ziyarətlərdən hesab edilir. “Tuqiye-şərifə” kitabında həzrət bu ziyarət haqqında Muhəmmədə deyir: «O zaman ki, bizim vasitəmizlə Allah-təala ilə rabitə yaratmaq istəsəniz və bizə diqqət etmək istəsəniz, (bu duaya) üz çevirin. Necə ki, Allah buyurur: “Səlam əla Ali-Yasin”. Bu ziyarət 22 salamla başlayar. Həzrət Məhdini (ə.f.) şahid tutaraq, Peyğəmbər (s) itrəti ilə əhdi təzələyər.»
“Cameyi-kəbirə” ziyarəti
“Cameyi-kəbirə” ziyarəti kamil ziyarətlərdəndir. Bu ziyarətdə bütün İmamları (ə) ziyarət etmək olur. Əllamə Məclisi bu haqda buyurur: “Yuxuda İmam Rzanı (ə) ziyarət etdim. Mənə bu ziyarəti oxumağı vurğuladı”. Bu ziyarət İmam Hadidən (ə) nəql edilmişdir. Əllamə Məclisi buyurur: “Kəşf aləmində İmam Zamanı (ə.f.) gördüm və ziyarəti oxumaqla məşğul oldum. Qurtarandan sonra həzrət buyurdu: “Yaxşı ziyarətdir”
Həzrətə (ə.f.) təvəssül duası
Hədisə görə, əgər kimsə çətinlikdə olarsa, bu duanı səhrada 7 dəfə oxuyarsa, həzrət Məhdi (ə.f.) ona yardım edər. Başqa bir təvəssüldə nəql edilir ki, hər kim çətinlikdə olarsa, 7 dəfə “Ya Allah, Ya Muhəmməd, Ya Əli, Ya Fatimə, Ya Sahibəz-Zaman, ədrikni və la təhləkni” desin.
İbrət duası
Çətinlikləri həll edən bu dua İmam Sadiq (ə) tərəfindən nəql edilmişdir. Sahib Zaman (ə.f.) bu dua haqqında buyurmuşdur: “Mühüm işlərdə və böyük çətinliklərdə bu dua çətinlikləri aradan qaldırar”.
İlahi! Bizi İmamımızla tanış edib, imanımızı ona kamil et.
İlahi! Bizi gözəl əməllərimizlə hər an onun intizarını çəkənlərdən qərar ver.
İlahi! Bizə onun hakimiyyəti dövründə yaşamağı nəsib et.
Amin!!!