İmam Əlİ (ə) xətasını qəbul etmİşdİrmİ?


Həzrət Əli (ə) özü buyurmuşdur: “Mən xətadan uzaq deyiləm”. Belə halda nədən o Həzrəti xətasız (məsum) hesab edirik?
İmam Əli (ə) camaata buyurduğu cümlə belə idi:
«فلا تكفّوا عن مقالة بحقّ، أو مشورة بعدل، فإنّى لست فى نفسى بفوق أن أخطى‏ء، و لا آمن ذلك من فعلى إلّا أن يكفى اللّه من نفسى ما هو أملك به منّى، فإنّما أنا و أنتم عبيد مملوكون لربّ لا ربّ غيره: يملك منّا ما لا نملك من أنفسنا...»
“Haqqı söyləməkdən və ədalətli məsləhət verməkdən uzaq olmayın. Çünki mən özbaşıma özümü xətadan kənar və işlərimdə səhvdən uzaq bilmirəm. Əgər mənə daha malik və məndən artıq ixtiyara sahib olan Allah bu işdə mənə yardımçı olarsa səhvə düçar olmaram. Mən və siz Allahın ixtiyarında olan bəndələriyik. Onun bizim üzərimizdə malik olması bizdən artıqdır”.
Göründüyü kimi İmam Əlinin (ə) bu kəlamı heç cür ismətlə ziddiyyət təşkil etmir. Bu kəlamı ilə İmam Tovhid əqidəsinə baxışını bildirir. Həzrət demək istəyir ki, əgər ilahi hidayət və lütf olmasaydı mən də sizin kimi xətadan uzaq olmayan bəşər sinfindənəm. İmam فى نفسى “öz özlüyümdə” kəlməsi işlətməklə bildirmək istəyir ki, bizim malikimiz olmasaydı mən də xətadan uzaq olmazdım. Bununla da Həzrət eyni zamanda Allahla olan fərqli mənəvi əlaqəsinə işarə edir və “Tovhidi feli” yə işarə edir.

Həzrəti Əli (ə) məmurlarından biri barəsində buyurdu: «Mən sənin barəndə səhv etmişəm». O, Həzrətin məsumsuzluğunu göstərmirmi?
Bu söz, Munz ibn Carud barəsində deyilmişdir. İmam onu bəzi məsələlərə məsul təyin etdikdə o vəzifəsinə xəyanət etdi. İmam ona bu məzmunda məktub yazdı:
«...Atanda olan təqva və üstünlük məni sənin barəndə yanıltdı. Mən elə güman edirdim ki, sən də atan kimisən, onun yolunu gedənsən. Lakin mənə belə xəbər yetiriblər ki, sən idarəçilikdə nəfsinə tabe olaraq yanlış davranırsan. Axirətin üçün çalışmırsan. Axirətini yaxınlarına qoşularaq dünyanı abad etməklə xarab edirsən. Əgər sənin barəndə gəzən söz-söhbət doğrudursa sənin dəvən və sənə tabe olan işçinin ayaqqabısının bəndi səndən yaxşıdır... Bu məktub sənə yetişən zaman mənim yanıma yollan».
Bu məsələ ilə bağlı bir neçə nöqtəyə diqqət edək:
1. Peyğəmbər (s) və İmamlar dünyəvi işlərdə adi bilikləri əsasında rəftar etmək məcburiyyətində idilər. Onlar yalnız Allah istədiyi zaman qeybi elmləri əsasında davranırdılar. Bu da ona görə idi ki, əgər onlar daim qeybi elmlərinə söykənsəydilər o zaman sıravi insanlara nümunə ola bilməzdilər.
2. Həzrəti Əli (ə) gərək idarəçilik işlərində bu sahəyə aid normal standartlara və meyarlara əməl edəydi. Həmin vəzifəyə görə insanı tanımaq standartlarından biri təyin olunan şəxsin ailə və mühit tərbiyəsinə diqqət etməkdir. Doğrudur, bunun kimi digər ölçülər da, insanın kimliyini tam müəyyən edə bilməz. Buna görə də Həzrət Əlinin (ə) sözü təkcə bu meyara söykənməmişdir. Ancaq eyni zamanda əhəmiyyətli meyar olduğundan İmam ona etimad etməsinin səbəbini diqqətə çatdırır.
3. Ümumiyyətlə, dünyəvi məsuliyyətləri və vəzifələri icra və idarə edərkən böyük səhvlərlə üzləşmək olar. Buna görə də həmin vəzifələrin icrası bir sınaq meydanıdır. İmam Əli (ə) bu məsələdə məsumların ləyaqətini nəzərə alaraq onlara vəzifə təyin etdikdən sonra onların işlərində necə olmaları barədə daim nəzarət edirdi. Əgər onlardan ciddi bir narazılıq duysa lazımi tədbir görmüşdür.
4. Munz ibn Carud barəsində göründüyü kimi İmam (ə) adi formada davranmış, dünyəvi qaydalara riayət etmişdir. Və həmin şəxsi vəzifəyə təyin edərkən xırda bir səhlənkarlıq belə etmədiyinə görə, «mən bu barədə xəta etdim» söyləməmişdir. Həzrət onu vəzifəyə təyin edərkən məntiqli meyarlara əməl etməmiş olsaydı o zaman səhv etmiş olardı. Və ya onu bu sahəyə seçərkən lazımi göstərişləri bildirməsəydi, onu işə təyin edəndən sonra işlərinə nəzarət etməkdə qəflət edib onların necə rəftarlarına görə lazımi reaksiya verməsəydi. Göründüyü kimi, sada-ladığımız bəndlərdən heç biri İmam Əli (ə) ilə Munz ibn Carud arasında baş verməmişdir.
5. İmam Əlinin (ə) buyurduğu: «Atanın təqvalı olması məni sənin barəndə yanıltdı. Güman etdim ki, sən də atanın yolunu gedərsən». Bu, Həzrətin səhvə düçar olması məna-sında deyil, əksinə Həzrət demək istəyirdi ki, o cür atanın oğlundan yanlış hərəkət gözləmirdi. Həzrət bu danlaq sözüylə anladırdı ki, yaxşı tərbiyə şəraitində yaşayan bir kəsdən belə çirkin əməllər gözlənilməzdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter