Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?
Belə sual verənləri yəqin ki, siz də görmüsünüz. Onlar deyirlər: “Məgər zahiri namaz yerinə, həqiqi təmiz qəlbə malik olmaq yaxşı deyildirmi?”.
Bu suallarla bağlı bir neçə nöqtəyə işarə etməliyik:
1. Bu, təbiidir ki, İslam dini keyfiyyətə kəmiyyətdən daha çox üstünlük verir. Zahirdən çox, batinə daha çox diqqət edir.
2. Zahir ilə batinin bir-birinə təsirini inkar etmir. Belə ki, gözəl geyim insanın sevincli və şad olmasına səbəb olar. Bədənin çirkli və üfunətli iy verməsi ruhu incidər və onda ikrah hissi yaradar.
3. Bu iki amildən də mühüm olanı budur ki, zahiri hifz etməyin, batini hifz etməyə təsiri böyükdür. Misal üçün, əgər bananın qabığını soysanız, onu uzun müddət saxlaya bilməzsiniz. Əgər xurmanın qabığını soysanız, onun daxili tez büzüşər və quruyar.
Bu deyilən üç amil ibadətin zahir və batininə də şamil edilir. Dinin zahiri meyvə qabığı kimi olsa da, mühüm olan – dinin batinidir və qəlbin pak olmasıdır. Ancaq onu da qeyd etməliyik ki, əgər zahir qorunmazsa, batin tez bir zamanda zərər görəcəkdir.
Bu həqiqəti qəbul etmək lazımdır ki, hər kimin qəlbi pak olar və namaz qılmazsa, nəticədə qəlbi paslanar və paklığı aradan gedər. Hər kim hicaba riayət etməzsə, get-gedə zərər görər. Çünki namaz və hicabın əsas məqsədi – qəlbi və batini pak saxlamaqdır. Çünki hər dəfə namaz qılan zaman Allahdan istəyirik ki, bizi doğru yol olan Sİratül-müstəqimə tərəf hidayət etsin. Bu dediklərimizdə məqsəd – qəlbimizin pak və günahdan uzaq halda qalmasıdır.
Kimin qəlbi Peyğəmbər (s) və Məsum İmamlardan (ə) daha pak ola bilər ki? Bu dahi insanlar hamıdan daha çox namaz qılar və insanları namaza təşviq edərdilər.
Ona görə də o kəslər ki, dünyada pak qəlbə malik olmaq istəyir, düzgün və dürüst olar ki, namaz qılıb, hicabına riayət etsinlər.
Yəni, əslində elə təmiz qəlb tələb edir ki, insan namaz qılsın və digər dini vacibatlara riayət etsin. İnsan təmiz qəlbə malikdirsə, o, bu qəlbin təmizlik meyarı olan İlahi rizayəti hər şeydən üstün tutmalı, Allahın vacib olaraq müəyyən etdiyi əməllərə ciddi surətdə riayət etməlidir.
İmam Səccad (ə) buyurur: “Naqis ağıl, batil nəzəriyyə, əsassız müqayisə ilə dini əhkam və məsələləri əldə etmək olmaz. Ona görə də həqiqi dini əhkama çatmağın yolu – xalis təslimdir.
Ona görə də hər kim biz Əhli-Beytə (ə) təslim olarsa, hər cür yolunu azmaqdan amanda olar. Hər kim bizim vasitəmizlə hidayət olarsa, xoşbəxt olar. Hər kim şəxsi nəzəriyyələri ilə İslam dinini dərk etmək istəyərsə, həlak olar”./Deyerler.