Allahı gözlə görmək olarmı? Araşdırma


Cismani məadda Allah adi gözlə görünəcəkmi?

Merac və məad cismani və ruhanidir. Məad məsələsində hiss, göz və qulaq vardır, amma Allah cism olmadığı üçün görünə bilməz. İnsan zahiri gözlə maddi əşyaları görür, lakin onların batinini görə bilmir. Belə olduqda, qeyri-maddi varlıqları necə görə bilər? Deməli, cismani məadda insan Allahı öz canı ilə dərk edir. Qurani-kərim buyurur:

«لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ»

“Gözlər Onu (görüb) dərk etmir. O, gözləri dərk edir. O, lətifdir, (hər şeydən) xəbərdardır!” (“Ənam” surəsi, ayə 103)

Bu ayədə dörd hissə vardır:
1. Gözlər Allahı görmürlər. Çünki O mücərrəd varlıqdır. O, gözü yaradandır, ona görə də gözə görünməyəcək.
2. Allah gözləri dərk edir və gözü görməklə onun əmanət və xəyanətini də dərk edir. O, bilir ki, kimin baxışı mehribancasındır, kimin gözü qəzəbli; göz naməhrəmə baxır, ya yox. “Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!” (“Ğafir” surəsi, ayə 19)
3. Lətif və mücərrəd olduğu üçün gözlər Onu görmürlər.
4. O, xəbərdar olduğu üçün bütün gözləri görür.

Biz Qiyamətdə Allahı görəcəyik, amma maddi gözlə yox. Bizim hamımız yuxuda bəzi şeyləri görür və eşidirik, amma batini gözlə və canımızla görür və eşidirik.
Bəzi şəxslərin sağlam göz və qulağı olmasına baxmayaraq, Qurani-kərim onları kar, kor və lal adlandırır.

«صمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ»

“Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.” (“Bəqərə” surəsi, ayə 171)
Qurani-kərim insanın batini göz və qulağına işarə edir. Eşidə bilməyən kəs danışmağı da öyrənə bilmir, yəni laldır. Quranın bəyanında bəziləri ilahi müəllimin sözlərinə qulaq asmadılar və ilahi təlimləri öyrənmədilər. Ona görə də danışmağı bacarmırlar və laldırlar.
Hər halda insan batin gözü ilə Qiyamətdə Allahı görəcək. Əgər dünyada batin gözü kor olsa, Qiyamətdə də məhşərə kor gələcək. Qurani-kərim bu qrup barədə buyurub:

« وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ»

“Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (“Taha” surəsi, ayə 124)
Sonra onlar etiraz edib deyəcəklər ki, ilahi, bizi nə üçün məhşərə kor gətirdin, halbuki biz dünyada görürdük?

«قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنْتُ بَصِيرًا»

“O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!” (\"Taha\" surəsi, ayə 175)

Qiyamət həqiqətlərin üzə çıxacağı yerdir və batilin ora yolu yoxdur. İnsan dünyada həqiqəti görə bilməsə, axirətdə də görə bilməyəcək. Ona görə də bu şəxs cəhənnəm və onun şölələrini yaxşı görür, ondan qorxur, amma peyğəmbərləri, övliyaları və cənnəti görmür.
İbn Babəveyh İmam Sadiqin (ə) şagirdi Əbu Bəsirdən belə nəql edir ki, Əbu Bəsir həzrətdən soruşur: “Qiyamət günü Allahı görmək olarmı?” İmam (ə) buyurur: “Bəli. Hətta Qiyamətdən əvvəl də görmüşlər.” Əbu Bəsir deyir: “Necə?” İmam (ə) buyurur: “O zaman ki, Allah onlara: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər.”
Qiyamətdə Allahı görmək olar, amma maddi gözlə deyil, can gözü ilə./Ayətullah əl-üzma Cavadi Amuli


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter