Müsəlman və mömin şəxsin xeyirxah olması olduğu şəhəri bəladan xilas edər?!
Əgər insan insaf əhli olarsa, həm özünü və həm də cəmiyyəti İlahi əzabdan qoruya bilər. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlarla insaflı rəftar et və onlara qarşı mehriban və xeyirxah ol. Çünki əgər belə olsan, sənin seyr etdiyin məkanın və şəhərin insanlarına Allah qəzəb etsə və onlara əzab nazil etmək istəsə, sənə nəzər salar və sənə xatir o insanlara rəhm edər”. (Erfan)
Hər kim insafa riayət edər, məkarim əxlaqın ən fəzilətli zirvəsində qərar tutar. İnsaf odur ki, hər nəyi ki, özün üçün bəyənirsən – başqaları üçün də bəyənəsən.
İnsaf o fəzilətli səfətlərdəndir ki, ədalətdən belə, üstün hesab olunur. Çünki ədalətdə bəzən elə rəftar olunur ki, əgər insan özünə qarşı o cür rəftar etsə, narahat olar. Misal üçün qisas almaq ədalətin bir növüdür ki, insan əgər özünə qarşı onu yerinə yetirmək istəyərsə, narahat olar. Ancaq elə bir insan yoxdur ki, insafı bəyənməsin. Bir növ bağışlamaya bənzəyir ki, hər kəs başqası tərəfindən əfv olmağı həmişə sevir.
İmam Əli (ə) buyurur: “Ən adil insan o kəsdir ki, ona zülm etmiş insanla insafla rəftar etsin”. Bu hədisdən belə görünür ki, insaf – ədalətin budaqlarından biridir. Ədalət hər bir şeyi öz yerində qərar verməkdir. Ona görə də o kəs ki, insaf edər, heç bir zaman ədalətdən xaric olmaz. Əksinə - çalışar ki, öz haqqından keçsin və məsələyə insafla nəzər salsın. Özünü həmin insanın yerinə qoyar və deyər ki, əgər mən onun yerində olsaydım, mənimlə belə rəftar edilməsini istəyərdimmi? Bəs görürük ki, insaf bu yerdə əfv və bağışlamaqdır.
Əlbəttə, bu güzəşt öz haqqına görədir, başqasının deyil. Çünki heç kəsin haqqı yoxdur ki, başqasının haqqından keçsin. Ədalət odur ki, onun haqqını əda etsin.
Əmirəl-möminin (ə) buyurur: “İnsaf – dəyərlərin ən üstünüdür”. Çünki bərəkətləri çoxdur və insanın həyatına müsbət təsirlər qoyur.
Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, məni məkarim əxlaqdan xəbərdar et. Həzrət Peyğəmbər (s) buyurur: “Məkarim əxlaq ibarətdir:
1. Sənə zülm edəni bağışlamaq.
2. Səninlə əlaqəsini kəsənlə rabitə qurmaq.
3. Səni məhrum edənə bağışlamaq.
4. Öz ziyanına olsa belə, haqqı demək”.
İmam Səccad (ə) buyurur: “İnsanların haqqı odur ki, onlara əziyyət verməkdən çəkinəsən, onlar üçün o şeyi istəyəsən ki, özün üçün istəyirsən. Özün üçün tərk etdiyini onlar üçün tərk edəsən”.
Bəli, budur həqiqi insaf. Yəni, o şeyi ki, özün üçün bəyənirsən – başqaları üçün də bəyənəsən. O şeyi ki, özünə qıymırsan – başqalarına da qıymayasan./Deyerler.