İmam Sadiqin (ə) İmam Hüseyn (ə) zəvvarları üçün etdiyi dua!
Həzrət İmam Hüseyn (ə) Allah rəsulunun (s) göz nuru, Allahın yer üzərində olan höccətidir (insanlara olan rəhbər).
İslaminSesi – İmam Hüseyn (ə) rəşadət, şücaət timsalı olmaqla bərabər, həm də aşiqləri, qəlbləri iman və eşqlə alovlanan möminləri öz ətrafına toplayan bir nurlu çıraqdır. İstər İmamın (ə) dünyada olan vaxti, istərsə də sonrakı vaxtlar, İmam Hüseyn (ə) daima möminlərin qəlbində hərarət və sevgi mənbəyi olub. Allah rəsulu (s) İmamın (ə) şəhadətindən xəbər verərək buyurub:
“Həqiqətən Hüseynin qətli möminlərin qəlbində əbədi soyumayan bir atəşdir (hərarət)” (Mustədrəkul-vəsail 10/318)
Bütün bunlarla yanaşı İmamın (ə) ziyarəti Əhli-beyt (ə) sevərlər üçün həm mənəviyyat qaynağı, həm də paklanma mənbəyidir. İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyrulur ki “Allah rəsulunun (s) qızı Fatimə (s.ə) İmam Hüseynin (ə) məzarı başına gələrək Hüseyn (ə) zəvvarları üçün dua edib, onlar üçün Allahdan bağışlanma diləyir”.
Həqiqətən Hz. Fatimənin (s.ə) və bütün Allah övliyalarının bir kəs üçün dua etməsi böyük şərəf və nemətdir. Həmçinin İmam Sadiq (ə) də İmam Hüseyn (ə) zəvvarları üçün dua edərək, Allahdan əfv, rəhmət, mərhəmət, böyük xeyir istəyib və buyurub:
“Ey bizi kəramət bəxş etməklə seçən Allah!
Ey bizə şəfaət etmək vədəsi verən Allah!
Məni, qardaşlarımı (möminləri), İmam Hüseyn (ə) zəvvarlarını bağışla!
Sənin rəhmət və bərəkətin onlara olsun. Bizim yolumuzda öz mal və canları ilə fədakarlıq edənləri, səsimizə səs verən, düşmənlərimizə qarşı qəzəbli olanları, sənin rizanı axtaranları bizim vasitəmizlə Öz rizana çatdır... “ (Biharul-ənvar, Kamaluz-ziyarət)/Yaşar Nuriyev