Din nədir sualına Allahın peyğəmbərindən (s) gözəl cavab nə oldu?!
Mütəal Allah, İslam dinini bəşərin yaranmasından neçə minilliklər sonra yer əhlinə bir nemət olaraq bəxş etdi. Bu din özlüyündə kamil bir din olmaqla yanaşı həm də özündən əvvəlkilərin təsdiqləyicisi və tamamlayıcısıdır. Bu din, insan yaşadığı müddətcə onun bütün suallarına cavab verir, bütün əqidə, əhkam və raftarını tam şəkildə təmin edir.
İslaminSesi.info – İslam alimləri dinin bütün hökm və buyruqlarını ümumi olaraq üç: etiqad, əməl (ibadət) və əxlaq qismlərində cəm edirlər.
İman gətirən insan, İslam qanunları əsasında öz etiqad və əməllərini düzgün şəkildə, Allahın razı olacağı və tələb etdiyi şəkildə nizamlayır və formalaşdırır.
Bütün bunlar isə özünü əməl və əxlaq müstəvisində biruzə verir. Əgər iman edən şəxs əməl, davranış və əxlaq mərhələsində özünü təsdiq etməzsə, bu o deməkdir ki, onun imanı tam deyil və Allahın razı olacağı həddə formalaşmamışdır. Bu səbəbdən Allah Təala bu cür bəndələri ziyan içində olan insan adlandırır:
“And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa”. (Əsr surəsi)
Qurani Kərim, yalnız imanını, etiqadını, səbrini birləşdirib özünü əxlaq və davranış mərhələsində təsdiq edən kəsləri Allahın rizasını qazanan və ziyandan xilas olmuşlardan hesab edir. Çünki imanın göstəricisi əməl və gözəl əxlaqdır. Saleh əməl və gözəl əxlaq iman əsasında olarsa, o zaman insan iman gətirən və dini yaşayan insan hesab olunur.
Səhabələrdən biri, Peyğəmbərin (s) qarşısında dayanıb “din nədir?” deyə sual verir. Peyğəmbar (s) buyurur: \"Husnul-xulq! (Yəni iman əsasında olan gözəl əxlaq və davranış)
Həmin səhabə o Həzrətin sağ tərəfinə keçib həmin sualı bir daha verir: Din nədir ey Allahın rəsulu (s)?
-Husnul-xulq! Səhabə bir daha Həzrətin (s) sol tərəfinə keçib soruşur: Din nədir, ey Allahın peyğəmbəri (s)? -Husnul-xulq! Deyə peyğəmbər bir daha cavab verir. Biharul-ənvar)/ Yaşar Nuriyev