İmam Hüseynin (ə) Kərbəlada kömək istəməsi əslində nəyi çatdırır?


İmam Hüseynin “Mənə kömək edin” cümləsi Quran ayələrinə ziddirmi?

İslaminSesi.info - Həzrəti Hüseyn (ə) barədə maraqlı bir bəhs də bu mövzudur. Tarixin yazdığına görə İmam Hüseyn (ə) bu məşhur cümləni qeyd etmişdir: “Həl min nasiri yənsuruni?” “Mənə kömək edən varmı?”

Tarixi hadisələrin gedişatına və Quran ayələrinə nəzət yetirdikdə bir məsələ zahirən gözə çarpır.
Quran ayələrində Allah möminlərə kömək edəcəyindən söz açır. Həmin ayələrə nəzər yetirək:


إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

“Şübhəsiz ki, Biz Öz rəsullarımıza və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.” (“Ğafir” surəsi, 51)


Burada maraqlı bir sual yaranır. Bir çox mömin dəstə zahirən məğlubiyyətə məruz qalıb. Hərbi baxımdan məğlub olub. Əgər Allah öz peyğəmbərlərinə və ona iman gətirənlərə dünya və axirətdə kömək edəcəyinə vəd veribsə tarix boyu şəhid edilən peyğəmbər və möminlərə niyə kömək edilməyib? Yaxud sualı belə qoyaq: Allahın vəd verdiyi kömək nədən ibarətdir?

إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ

“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz.” (“Ali-İmran” surəsi, 160)

وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ

“...Möminlərə kömək etmək Bizə vacibdir! (Biz Öz vədimizə əməl edərək möminlərə yardım etməliyik!)” (“Rum” surəsi, 47)

Bu ayələrlə tanış olduqdan sonra bunu da bilək ki, Allah verdiyi vədi pozmaz və ən doğru və gözəl danışan Allahdır. (Bax: “Ali-İmran” surəsi, 9-194, “Nisa” surəsi,122)

Deməli, Allahın verdiyi vəd mütləqdir. Onda təkrar yenə sual yaranır: Bəs yuxarıda da qeyd etdiyimiz kimi tarix boyu ilahi peyğəmbərlər və bir çox müharibələrdə möminlər və peyğəmbərlər şəhid edilmişdir. Elə isə köməkdə əsl məqsəd nədir?

Qurani-Kərimə nəzər saldıqda kömək sözünün müxtəlif mənalarda işləndiyinin şahidi oluruq:


1-ci məna: İntiqam. (Bax: “Şuəra” surəsi, 227, “Şura” surəsi, 41)

Təəssüf ki, Qurani-Kərimin əksər tərcümə kitablarında “nəsr” felinin ümümi mənası qeyd olunmuşdur. Elə buna görə də istər hədislərdə, istərsə də ayələrdə daim bu yol izlənilmiş nəhayətdə böyük bir yanlışlığa yol açılmışdır. Məhz bu yanlışın davamıdır ki, biz bu gün də İmam Hüseynin (ə) dediyi sözün həqiqi mənasını anlamaqda çətinlik çəkirik. Mövzuya dair bir ayəni nümunə göstərib sözümüzə davam edək:


Səhv tərcümə: “Haqsızlığa məruz qaldıqdan sonra yardım istəyən şəxs məzəmmət olunmaz.”
Doğru tərcümə: “Haqsızlığa məruz qaldıqdan sonra intiqam alan şəxs məzəmmət olunmaz.” (“Şura” surəsi, 41)

Məlumdur ki, zülmə məruz qalan düşməndən yardım yox, intiqam alar. Yaxud belə deyək, zülmə məruz qalan öz haqqını zalımdan geri alar.

2-ci məna: Kömək etmək. (Bax: “Nəsr” surəsi, 1; “Ənbiya” surəsi, 68; “Yasin” surəsi, 74-75; “Əraf” surəsi, 136-137)

3-cü məna:Himayə etmək, qorumaq. (Bax: “Hud” surəsi, 29-30; “Tur” surəsi, 45- 46; “Hədid” surəsi, 25; “Muhəmməd” surəsi , 7)


Yuxarıda qeyd etdiyimiz kimi bu ayələrdə də nəsr feli yenə kömək olaraq izah edilmişdir. Lakin həqiqi məna himayə etmək, qorumaq olmalı idi. “Muhəmməd” surəsinin 7-ci ayəsində “Siz Allaha kömək etsəniz” ifadəsi də diqqət çəkəndir. Biz Allaha necə yardım edək? Yaxud Allahın bizim yardım və köməyimizə nə ehtiyacı var? Məlumdur ki, burada kömək deyilərkən əsl məna bizim Allaha yardım etməyimiz deyil, bizim özümüzə, yaxud Allahın dininə yardım etməyimizdir. Bu ayədə, Allaha kömək deyilərkən, Allahın dinini qorumaq, ona riayət etmək, ilahi əmr və qadağanlara olduğu kimi əməl etmək nəzərdə tutulmuşdur. Bu işlər Allah qatında o qədər önəmlidir ki, Allah həmin işləri Özünə kömək kimi qiymətləndirmişdir.

Bütün bunları bildikdən sonra, yenə öncəki suala qayıdaq: İmam Hüseynin (ə) “Mənə kömək edən varmı?” cümləsinin əsl mənası necə olur?

Əgər biz bu yardımı İmam Hüseynin (ə) özü ilə əlaqələndirsək və desək ki, İmam Hüseyn (ə) özünə yardım toplamaq, ətrafındakıların sayını artırmaq üçün bu işi etdi, onda bu İmam Hüseynin (ə) öz əməlləri ilə tam ziddiyyət təşkil edəcəkdir. Çünki bilirik ki, Həzrəti Hüseyn (ə) Aşura gecəsi (bəzi mənbələrdə fərqli zaman qeyd olunur) məşhur çıxışında ətrafında olan hər kəsin şəhid olacağını və getmək istəyənlərin tam azad olmasını elan etdi. Ətrafına adam toplamaq istəyən şəxs bu sözləri deməməliydi. Deməli, məlum olur ki, “Mənə kömək edən varmı?” cümləsində məqsəd İmam Hüseynin (ə) özünə görə deyildi. Həzrəti Hüseynin (ə) həmin sözünü iki cür məna etmək ən doğrusu olardı:

1.Özünü küfr bataqlığından xilas etmək istəyən bir kimsə varmı ki, ona əl uzadıb oradan çıxarım?

2. İmam Hüseynin (ə) oradakıları ilahi əhkama, ilahi əmr və qadağanlara olduğu kimi riayət etməsinə səsləməsidir. Onları Allahın dinini qorumasına səsləməsidir. Çünki o həzrət özü də Yezid tərəfindən qurudulmaqda olan tövhid ağacını öz qanı ilə sulayıb, ona həyat vermək üçün bu müqəddəs yola çıxmışdır.

Çox təəssüf ki bəzən o sözlər İmam Hüseynin (ə) yardım istəməsi ya yardım toplaması kimi izah olunur və İmam Hüseyni yazıq, fağır, kömək diləyən və sair kimi mənfi və ona yaraşmayan söz və sifətlər ona aid edilir. Biz Həzrəti Hüseynin (ə) bu cümləsini “Muhəmməd” surəsinin 7-ci ayəsində olan kömək kimi anlamalıyıq.

“Ey iman gətirənlər! Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.” (“Muhəmməd” surəsi, 7)
Məlumdur ki, Allahın bizim kömək və yardımımıza qətiyyən ehtiyac yoxdur. İmam Hüseynin dediyi (ə) “Mənə kömək edən varmı?” cümləsi də bu qəbildəndir.
/Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter