“Əmr sahİblərİ” ayəsİ və İsmət məsələsİ
Quran təfsirçilərindən bir neçəsi “Əmr sahibləri” ayəsini İmamların ismətinə dəlil olaraq istifadə etmişlər. Ayə belədir:
«يا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللّهَ وَ أَطِيعُوا الرَّسُولَ وَ أُولِي الْأَمْرِ مِنْكُمْ».
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə (s) və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Nisa surəsi, 59-cu ayə)
Ayə belə izah olunur:
• Allah Əhli-beyt İmamlarına hamının tabe olması və hər kəsin onlara itaət etməsini tapşırır;
• Allah-taala Əhli-beyt İmamlarına mütləq tabe olmağı tapşırmışdır və bu haqda heç istisna hal, qeyd və şərt zikr etməmişdir.
1. Bir kəsə mütləq tabe olmaq onun hər bir xəta və günahdan məsum olmasını zəruri edir;
2. Buna görə də deyə bilərik ki, Quran baxımında İmamlar (ə) məsumdurlar.
Ayədə itaət əmrinin mütləq və istisnasız olduğu diqqətdən kənarda qalmamalıdır. Allah-taala özünün və məsum Peyğəm-bərinin (s) itaətinin vacib olduğu miqdarda \"əmr sahiblərinin” də itaətini vacib etmişdir.
Allah-taalaya öz bəndələri tərəfindən mütləq şəkildə itaət olunması müzakirə və təhlilə ehtiyacı olmayan bir məsələdir. Həmçinin Peyğəmbərə (s) itaətin sorğusuz-sualsız vacib olması o qədər də dərin fikir və araşdırma tələb etmir. Çünki, Peyğəmbər (s) ilk növbədə İlahi vəhylə həmişə əlaqədədir, buyurduğu bütün əmrlər bilavasitə ilahi əmr kimi qəbul olunur. Lakin \"əmr sahiblərinin” itaətinin mütləq şəkildə əmr olunması, yəni onun itaətinin Allah və Peyğəmbərin (s) itaəti ilə fərqli olmaması bir anlaşılmazlıq və sual doğurandır: Bu \"əmr sahibləri” kimlərə deyilir? Şübhəsiz ki, söhbət bütün ümmətin vahid rəhbərə itaət etməsindən gedir. Lakin bu rəhbər hansı keyfiyyətlərə malik olmalı, kim tərəfindən təyin olunmalıdır? Ötən bəhslərimizdə İslam ümmətinin rəhbərinin təyin olunması yolları barədə söhbət açmışdıq.
Bu ayədə itaətin vacib olunduğu «əmr sahibləri» qeyd olunan yolların hansı biri ilə təyin olunan rəhbərlərə deyilir?
1) İrsi yolla təyin olunan rəhbərlər;
2) Zor gücü ilə hakim olan rəhbərlər;
3) İcma və səs vermə yolu ilə təyin olunan rəhbərlər.
Çox təəssüflər olsun ki, bəzi alimlər kor-koranə şəkildə təyin olunma üsullarına baxmayaraq, bütün hakim və rəhbərlərin \"əmr sahibi” olduğunu və onlara itaətin vacib olduğunu demişlər.
Bu fikrin batil və bütün səmavi dinlərin mahiyyətinə zidd olduğunu isbat etmək o qədər də çətin deyil.
Elə isə ilahi peyğəmbərlər nə üçün öz zamanlarının zalım hakimlərinə itaət etmədilər? Nə üçün Musa peyğəmbər (ə) Fironun, İbrahim peyğəmbər (ə) Nəmrudun zülm və tüğyanları qarşısında qiyam etdi?
Zahirindən göründüyü kimi, bu təfəkkür tərzinin bünövrəsi qəsbkar əməvilər sülaləsinin hakimiyyət illərinə təsadüf edir. Belə çıxır ki, İmam Hüseyn (ə) Allahın dinini təkzib edən mənfur Yezid ibni Müaviyəni (l.ə.) əmr sahibi hesab edərək onun əllərini öpməli idi!?
Söhbət yalnız icma və səsvermə üsulu ilə seçilən rəhbərdən gedə bilərsə, Allah-taala bu üsulla təyin olunan rəhbərə mütləq şəkildə itaət olunmasını vacib etmişdirmi? Diqqət etsək cavabın mənfi olduğunu qəbul etməli olacağıq.
İcma və səsvermə yolu ilə təyin olunan rəhbərin müəyyən dərəcədə səhv etməsinə ehtimal olunmurmu?
Xalqın əksəriyyətinin seçdiyi hər hansı bir şəxs günahdan uzaq və məsum hesab olunurmu?
Şübhəsiz ki, insanların zahiri keyfiyyətlərlə qiymətləndirib seçdikləri heç bir şəxs səhv və günah ehtimalından uzaq deyil. Çünki, biz insanlar bir-birimizin batinini görmək, qəlbindən xəbər verməyə qadir deyilik. Bəzən insanları tanımaqda, öz nikbinliklərimizdə elə böyük səhvlərə yol veririk ki, sonra illərlə peşimançılıq çəkirik. Bəs Allah-taala səhv və günah ehtimalı olunan bir şəxsin (ehtimal az olsa belə) itaətini Öz itaəti qədərində vacib edə bilərmi?
Bu, yolu yaxşı tanımayan bir şəxsi başqalarına bələdçi təyin etməyə bənzəmirmi? Bütün aqil insanlar qəbul edirlər ki, mütləq şəkildə itaəti vacib olan şəxs hökmən məsum və günah ehtimalından uzaq olmalıdır.
İmam Fəxr Razi «Məfatihul-ğeyb» təfsirində bu ayəni şərh edərkən yazır:
«Әgər bu ayədə «əmr sahiblərinin» məsum olmadığını desək, iki zidd məfhumu bir yerə cəm etmiş olarıq – gecə ilə gündüzün bir vaxtda cəm olması kimi... (iki zidd məfhum dedikdə günah və itaəti nəzərdə tutur).»
Bəli, təsdiq etməliyik ki, itaəti sorğusuz-sualsız vacib olan şəxs mütləq məsum olmalıdır.
Bəs məsum şəxslər kimlərdir?
Əvvəlki bəhslərimizin birində Әhzab surəsinin 33-cü ayəsində Әhli-beytin bütün günah və pisliklərdən paklanması və məsum olması barədə məlumat vermişik. Müxtəlif əhli-sünnət kitablarında Әhli-beytin Әli (ə)-a və onun övladlarına şamil olduğunu bəyan etdik. Bu barədə bir neçə mötəbər hədis gətirməklə bir daha həqiqəti açıqlayırıq:
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında Peyğəmbərdən (s) nəql edir:
\"Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doq-quz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumuq.”
Şeyxul-islam Həmvini \"Fəraidus-simətəyn” kitabında Sal-man Farsidən nəql edir:
\"Peyğəmbər (s) əlini İmam Hüseynin çiyninə qoyub buyurdu: O, İmam oğlu İmamdır. Onun sülbündən gələn doqquz İmam ən yaxşı insanlar, əmanətdar və məsumdurlar.”
Gördüyünüz kimi bütün mötəbər hədislər göstərir ki, itaəti vacib olan \"əmr sahibləri” ilahi əmrlə təyin olunan məsum İmamlardır.
Bundan əlavə, digər hədislərdə və bu ayənin şərhində \"əmr sahiblərinin” Әli (ə) və onun övladları olduğu açıq şəkildə bəyan edilmişdir:
Әbu İshaq Şeyxul-islam Həmvini \"Fəraidus-simətəyn” kitabında, özünün mötəbər saydığı hədislərə istinad edərək yazır:
\"Peyğəmbərdən (s) bizim əlimizə belə çatmışdır ki, «əmr sahibləri» Әli (ə) və digər Əhli-beytdir (ə).”
İsa ibn Yusif Həmədani Şafei Səlim ibni Qeysdən nəql edir:
\"Bir gün Әli (ə) bir dəstə səhabənin müqabilində Peyğəm-bərdən (s) \"əmr sahibləri”
ayəsindən soruşdu. Həzrət buyurdu: Ya Әli! Sən onların birincisisən.”
Məhəmməd ibn Mömin \"Risalətul-etiqadat” kitabında yazır:
\"Әmr sahibləri Әli (ə)-ın barəsində nazil olmuşdur.”
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında yazır:
\"Peyğəmbər (s) Әlini Mədinədə canişin təyin edəndən sonra bu ayə Әlinin barəsində nazil oldu.”
Allah-taala bu ayədə “özünüzdən olan əmr sahibləri” ifa-dəsindən istifadə edir. Bu, çox incə bir mənaya malikdir. Yəni “əmr sahibləri” ilahi mələk deyil, zahirdə sizin kimi və sizin özünüzdən sayılırlar. Onlar əmr və məqam sahibləri olduğu üçün siz müsəlmanlar onlara itaət etməlisiniz.
Ayədə buyurulmuş “Əmr sahibləri”nin aşağıda qeyd olunan iki nümunəsi vardır.
1- “Əmr sahibləri”nin nisbi nümunəsi
“Əmr sahibləri”nin nisbi nümunəsindən məqsəd, müsəlmanlar arasında xalqın rəhbərliyini qanuni yolla ələ alan müəyyən rəhbər və hakimlərdir. Bu, ayədə buyurulmuş “Ulul-əmr”, yəni “əmr sahibləri” sözünün ifadə etdiyi ilkin və əhatəli mənadan əldə olunur. Eyni zamanda ağıl da bu sözü təsdiq edir. Çünki xalqın rəhbərliyini ələ almış əmr sahibinə itaət etməmək, cəmiyyətdə hərc-mərclik və özbaşınalığın artmasına səbəb olur. Bu isə həm ağıl, həm də müqəddəs şəriət nöqteyi-nəzərindən mənfi hal sayılır.
Lakin unutmamalıyıq ki, bu növ rəhbər və hakimlərə itaət etmək heç də tam və mütləq şəkildə deyil, əksinə müəyyən şərtlər əsasındadır. Bu şərtlər aşağıdakılardan ibarətdir:
1-Rəhbər və hakimlərin verdiyi göstərişlərin xalqın mənafeyini təmin edən müəyyən bir quruluşun möhkəmlənməsi naminə verilməsı;
2-Bu göstərişlərin müqəddəs İslam şəriətinə uyğun olması, yaxud açıq-aşkar haram (günah) olmaması.
Elə buna görə də onların haqqında “Əmr sahibləri”nin nisbi nümunəsi ifadəsini işlədirik. Çünki onların “əmr sahibi” olmaları, tam və mütləq şəkildə deyil, yalnız yuxarıda göstərilən müəyyən şərtlər əsasındadır.
Əmirəl-möminin İmam Əli (ə) nəql edir ki, İslam Peyğəmbəri (s) buyurmuşdur:
“Allahın haram etdiyi əməllərdə heç kimə itaət etmək olmaz.”
Deməli, bu kimi şəxslərin rəhbərlik və hakimiyyətləri heç də tam və mütləq şəkildə deyil. Buna görə də onları “əmr sahibləri”nin həqiqi və mütləq nümunəsi kimi qələmə vermək olmaz. Bu, həm ağıl, həm Quran ayələri, həm də qeyd olunmuş hədislərdən əldə olunan nəticədir.
2-“Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsi
“Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsindən məqsəd isə müsəlmanların qeyd şərtsiz, həqiqi rəhbər və hakimi sayılan ilahi rəhbərlərdir. Onlar İslam Peyğəmbəri (s), habelə o Həzrətin (s) həqiqi canişin və xələfləri olan məsum İmamlardır. Bu, “əmr sahibləri” ayəsində mövcud olan ümumi və mütləq ifadədən, ağılın çıxardığı nəticədən və mötəbər hədislərin məzmunundan əldə olunur. Belə ki, Allah-taala bu ayədə İslam Peyğəmbəri (s) və “əmr sahibləri”nə mütləq şəkildə və heç bir şərt qoyulmadan itaət etmək göstərişi vermişdir. Halbuki, Allah-taalanın məsum olmayan müəyyən rəhbərlər haqqında mütləq şəkildə və heç bir şərt qoymadan itaət göstərişi verməsi, həm ağıl, həm Qurani-Kərim, həm də hədislər baxımından qeyri-mümkün bir məsələ sayılır. Deməli, ayədəki mütləq ifadə onların bütün hallarda və bütün sahələrdə hər növ eyb, günah və səhvdən məsum olduqlarına bir sübutdur.
Digər tərəfdən Allah-taala Qurani-Kərimdə müsəlmanlar üçün, demək olar ki, Özü, İslam peyğəmbəri (s) və “əmr sahibləri”ndən başqa heç kimin itaətini tam və mütləq şəkildə vacib etməmişdir. Hətta müqəddəs Quranda Allahın yeganəliyindən sonra haqqında çoxlu təkid edilən valideyn barəsində belə buyurulur:
“Biz, insana öz valideyninə qarşı yaxşılıq etməyi tövsiyə etdik. Amma onlar, səni, Mənə, bilmədiyin şeyi şərik qoşmağa vadar etsələr, onlara itaət etmə...”
Gördüyünüz kimi bu ayədə valideynə yaxşılıq etmək göstərişi müəyyən şərt əsasında qeyd olunmuşdur.
Bütün bunlar məsum İmamların (ə) həqiqi “əmr sahibləri” olduqlarını deməyə tam əsas verir.
Ayənin bu təhlilinə sübut olan hədislər müxtəlif hədis və təfsir kitablarında mövcuddur. Biz, burada onlardan bir neçəsini qeyd edirik:
1-Cabir ibn Abdullah əl-Ənsari nəql edir ki, Allah-taala öz Peyğəmbərinə (s): “Ey möminlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin”, (Nisa/59)-deyə buyurduğu ayəni nazil etdikdə, soruşdum:
Ey Allahın elçisi! Allahı və Onun elçisini tanıdıq. Amma Allah öz itaətini sənin itaətinlə yanaşı buyurduğu əmr sahibləri kimlərdir? Həzrət Peyğəmbər (s) buyurdu:
“Ey Cabir! Onlar mənim xələflərim və məndən sonra müsəlmanların İmamlarıdırlar...”
Qeyd etmək lazımdır ki, o Həzrət (s) sözünün davamında on iki İmamın adlarını sadalamışdır.
2-Əmirəl-möminin İmam Əli (ə) buyurur:
“Həqiqətən, Allah-taala Peyğəmbərə itaət etməyi vacib etmişdir. Çünki Peyğəmbər pak və məsumdur. Heç vaxt (xalqı) günaha doğru çəkməz. O, əmr sahiblərinə itaət etməyi də vacib etmişdir. Çünki onlar da pak və məsumdurlar. Heç vaxt (xalqı) günaha doğru çəkməzlər.”
3-İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
“(Allah-taala bu ayədə) xüsusilə bizi nəzərdə tutmuş (və) qiyamətədək bizim itaətimizi bütün möminlərə vacib etmişdir.”
4-İmam Baqir (ə) digər bir hədisdə bu ayə haqqında buyurur:
“(Ayədə buyurulmuş əmr sahibləri) Qiyamət gününədək Əli və Fatimənin (ə) övladlarından olan İmamlardır.”
5-İmam Sadiq (ə) bu ayə haqqında buyurur:
“(Ayədə buyurulmuş) əmr sahibləri, Əhli-beytdən olan İmamlardır”.
İslam Peyğəmbəri (s) ilə “əmr sahibləri”nin itaətinin birgə bəyan edilməsindən belə nəticə almaq olar ki, həqiqi “əmr sahibləri”nə itaət etmək, əslində İslam Peyğəmbərinə (s) itaət etmək, o Həzrətə (s) itaət etmək isə əslində Allaha itaət etmək deməkdir.
Allah-taala bu ayənin davamında buyurur:
“…Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son günə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peyğəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha gözəl sonucludur“.
Həzrət Əmirəl-möminin İmam Əli (ə) bu barədə buyurur:
“(Hər hansı bir işi Allahın öhdəsinə qoymaq,) onu Quranın (möhkəm) açıq-aşkar buyurduqları ilə uyğunlaşdırmaq, Peyğəmbərin (s) öhdəsinə qoymaq“dan məqsəd isə, o Həzrətin dolğun və mübahisəli olmayan sünnəsi ilə uyğunlaşdırmaqdır. Biz Peyğəmbərin Əhli-beytiyik. (Biz Quranın) aydın hökmünü Onun kitabından əldə edib, mütəşabih (oxşar) ayələrini ayırd edir, habelə qüvvədən salınmış (ayə və göstərişləri)... tanıyırıq”.
Bütün bunlar, belə deməyə əsas verir ki, həzrət Peyğəmbərin (s) həyatı dövründə o Həzrətin özünə, vəfatından sonra isə sünnəsinə və daha dəqiq ifadə ilə desək, o Həzrətin (s) həqiqi xələfləri sayılan və sünnəsini olduğu kimi müsəlmanlara çatdıran məsum Əhli-beytinə (ə) tapınmaq lazımdır. Bu, ayədə buyurulduğu kimi daha yaxşı və daha gözəl sonucludur.
“MƏVƏDDƏT” AYƏSİ
Allah-taala Qurani-Kərimdə buyurur:
“(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəm-bərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.”»
Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.
Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir.
Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi?-deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:
“(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.”
Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?
Peyğəmbər (s) cavabında buyurdu:
«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.»
Əllamə Bəhrani bu hədisi Əhməd ibn Hənbəlin «əl-Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Səid ibn Cübeyrdən və o da ibn Abbasdan belə nəql edir: “Məvəddət” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.»
«Təfsiri-kəbirin» müəllifi Fəxr Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Əhli-beyti) haqqındakı sözünü nəql etdikdən sonra belə yazmışdır:
Mənim nəzərimə görə «Ali-Məhəmməd» Peyğəmbərlə (s) əlaqələri daha sıx olan şəxslərdir. Bu əlaqə nə qədər güclü və kamil olsa, yaxınlıq da bir o qədər artıq olar. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) Həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarolunmaz bir həqiqət olduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, onların yalnız «Ali-Məhəmməd» olmaları zərurəti meydana gəlir.
Əlbəttə, «ali» kəlməsinin tərcüməsində çoxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə isə «ümmət» kimi məna olunur. Əgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Əli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab olunur. Əgər ikinci mənanı da götürsək, yenə də onlar ümmətin içərisinə daxil olurlar. Çünki, onlar da Peyğəmbərin (s) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mənası Əli, Fatimə, Həsən və Hüseynə (ə) şamil olunur. Amma, onlardan başqalarının daxil olmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri “ali” kəlməsinin mənasına daxil etmək ağıl, məntiq və nəql olunan rəvayətlərə zidd getməkdir.
Yuxarıda qeyd olunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil olandan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Allahın Peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dostluq və məhəbbəti bizlərə vacibdir?» O Həzrət buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Beləliklə, məlum olur ki, bu dörd nəfər Həzrət Peyğəmbərin (s) yaxınlarıdır və xüsusi təzim və ehtiram onlar üçün olmalıdır. Bu sözümüzə bir neçə sübut vardır:
1. “Məvəddət” ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.
2. Hamıya məlumdur ki, Həzrət Peyğəmbər (s) xanım Fatiməni (ə) çox sevərdi və buyurardı: «Fatimə mənim vücudumun bir parçasıdır, onu incidib narahat edən, məni incidib narahat etmişdir.»
Deməli, belə bir şey doğru olduğu halda, Peyğəmbərin (s) ümmətinə də onları sevmək vacibdir. Çünki, Quran buyurur:
«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun (yəni mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), o zaman Allah da sizi sevər.»
«Hidayət olasınız deyə Peyğəmbərə tabe olun.»
«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qorxma-lıdırlar.»
«(Ey müsəlmanlar!) Həqiqətən Peyğəmbər sizin üçün yaxşı bir nümunədir.»
Bu ayələrdən məlum olur ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) sevdiyi və onlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da Peyğəmbərin (s) bu işini təkrar edərək onları sevməlidirlər.
3. Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib olunması, onlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd oxuduqdan sonra onlara dua etmək və salavat göndərmək vacibdir: «Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.»
Yəni «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və onun Əhli-beytinə rəhmət et.»
Bu böyük təzim və ehtiram Əhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yoxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Əhli-beytini (ə) sevməyin vacib olmasına aşkar sübutdur. Əhli-sünnə qardaşlarımızın tanınmış şəxsiyyətlərindən biri olan Şafei öz şerində belə deyir:
Məzmunu:
«Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm.»
Həmçinin, Şafei öz şerində o dövrdə Əhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir:
«Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Quran və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Quranda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mənasızdır.)
Təbəri ibn Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O Həzrət (s) buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Bu hədisi Əhməd də «əl-Mənaqib» kitabında nəql etmişdir.
İbn Münzər, ibn Əbi Hatəm, ibn Mərdəveyh və Təbərani «Möcəmul-kəbir» kitabında Abdullah ibn Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O Həzrət (s) buyurdu: «Əli, Fatimə, Həsən və Hüseyn.»
Yenə də Möcəmul-kəbir kitabında düzgün bir sənədlə İmam Həsəndən (ə) nəql olunmuşdur ki, O Həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:
«Biz, Allah-taala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik.»
Qurani-Kərim Təthir (Əhzab/33) ayəsi ilə Əhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq olduqlarını və beləliklə mənəvi dəyərlərini və insanların hidayət yolunda olan çox mühüm rollarını sübuta yetirdi. «Məvəddət» ayəsi Əhli-beytin (ə) getdiyi yolun düzgün olduğunu və insanların etiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli, Quran bu ayənin vasitəsi ilə İslam ümmətini Əhli-beytin (ə) yoluna sövq edir. Əgər Əhli-beytin (ə) yolu doğru bir yol olmasaydı və onlar ümməti səadət yoluna rəhbərlik etməyə qadir olmasaydılar, heç vaxt Quranda bu ayələr nazil olmazdı. Həmçinin Həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Əhli-beyti (ə) sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Quranın bu ayəsi bizə Əhli-beytin (ə) yolundan ayrılmamağın və bütün işlərimizdə onlara tabe olmağın zərurətini və lazım olduğunu başa salmaq üçündür. Çünki, Quran o böyük şəxsiyyətlərin pakizə və hərtərəfli üstünlüklərə malik olmağına zəmanət vermişdir. Beləliklə, Quran bu kimi ayələrdə Əhli-beytin (ə) yolunu tutmaq və İslamı onlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zəmanət vermək istəyir. Bu, Qurani-Kərimin nəzəri idi. Amma, Həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırırıq.
Bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Əhli-beytin (ə) məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. O, müsəlmanların Əhli-beyt (ə) haqqında necə düşünə-cəklərini, onların dostları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Əhli-beytin (ə) hədis, fiqh və təfsiri düşüncələri, həm-çinin əqidələri və hərtərəfli rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət olduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında son sözümüz budur ki, onun şərhində bəyan olunan yüksək dərəcə və məqamın özünəməxsus məna və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar ağıl və məntiq əsasında onu düşünüb dərk etməlidirlər.