Həzrət Zəhranın (s.ə) bu dünyada xüsusən sevdiyi 3 əməl hansılardır?


Həzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar.

Xanım (s.ə) buyurur: “Sizin dünyanızdan üç şeyin məhəbbəti qəlbimə düşmüşdür: Quran tilavəti, Allah Peyğəmbərinin (s) üzünə baxmaq, Allah yolunda infaq etmək”.

Quran tilavəti.

Biz müsəlmanların çox təəssüf ki, ən az diqqət etdiyimiz dəyərli əməllərdən biri Quran tilavətidir. Bu əziz kitabı alırıq və evimizin ən yuxarı yerinə qoyuruq, ancaq çox vaxt onu vərəqləyib oxumuruq. Halbuki, Allah Təala Quranda buyurmuşdur:“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 57-58).


Quran tilavətinin həm dünya və həm də axirət bərəkətləri vardır, o cümlədən: imanın güclənməsi, qəlbin səfası, günahların yüngülləşməsi, mələklərin və peyğəmbərlərin savabından bəhrələnmək, mələklərlə yoldaş olmaq, kamal dərəcəsini keçmək, behiştdə tərəqqi etmək, ruhi xəstəliklərin əlacı, qəm və qüssənin aradan getməsi... (Tebyan)

Əziz Peyğəmbərin (s) mübarək üzünə baxmaq.

Həzrət Zəhranın (s.ə) sevdiyi ikinci əməl atasının nurani üzünə tamaşa etmək olmuşdur. Bu əməl üç cəhətdən dəyərlidir: biri ona görə ki, atadır. Atanın üzünə baxmaq ibadətdir. İkincisi isə Peyğəmbər (s) alimdir və alimin üzünə baxmaq da ibadətdir. Üçüncüsü isə ona görə ki, peyğəmbərdir.

Allah yolunda infaq etmək. “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92). İnfaq, yəni insan ixtiyarında olan nemətlərdən bir başqasına bağışlayar. Bu şey elm ola bilər, sərvət və maddi şey ola bilər, məhəbbət və həmrəylik ola bilər.

İnsan gərək o zamana qədər ki, sağdır, ixtiyarında olan bu nemətlərdən Allah yolunda infaq etməyi bacarsın. İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! Özün, öz malının vəsisi ol. Bu gün elə əməl et ki, öləndən sonra (o cür) əməl edilməsini sevərdin”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter