Peyğəmbərİn (s) günahlardan bağışlanmaq dİləməsİ olubmu?


Qurani-Kərim “Fəth” surəsinin əvvəllərində Peyğəmbərin keçmiş və gələcək günahlarından söz açarkən necə ola bilər ki, o məsum olsun?
Quranda oxuyuruq:
«إِنّا فَتَحْنا لَكَ فَتْحاً مُبِيناً. لِيَغْفِرَ لَكَ اللّهُ ما تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَ ما تَأَخَّرَ وَ يُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَ يَهْدِيَكَ صِراطاً مُسْتَقِيماً »؛
“(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fəthlərinin başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!” (Fəth surəsi, 1-2-ci ayələr)
Təfsir alimləri sözü gedən ayədə zikr olunan Peyğəmbərin “Zənb”i (günahı) kəlməsini müxtəlif mənalarla təfsir etmişlər:
1. Əllamə Təbatəbai yazır: Bu ayədə “Zənb” kəlməsi Allahın qeyri zəruri qanunlarının ziddinə əməl edərək günah etmək mənasındadır. Necə ki, öncəki yazılarda da qeyd etdik belə məqamlarda günah bizim anladığımız günahlar deyil, sadəcə hər bir günah kimi onun da mənfi təsirləri olduğuna görə ondan ötrü bağışlanma diləmək lazım gəlir.
2. Həzrət Peyğəmbər (s) hicrətdən öncə və sonra kafirlərlə mübarizə etmiş, döyüşərək onlardan bir çoxunu qətlə yetirmişdi. Buna görə də müşriklərin qəlbində hər zaman ona qarşı kin olduğundan müəyyən bir fürsətdə ondan qisas almalarını düşünürdülər və bunu da heç zaman unutmurdular. Məlumdur ki, əgər onların qüvvələri zəifləməsəydi Peyğəmbəri (s) (günahda ittiham etdik-lərindən) bağışlamazdılar.
Lakin Allah-taala Məkkəni fəth etməklə Qüreyş kafirlərinin qüdrət və gücünü onlardan aldı və nəticədə Peyğəmbərin (s) (onların hesab etdikləri) günahları bağışlandı. Buna görə də ayədə işlənən “Zənb” (günah) kəlməsindən məqsəd Peyğəmbərin (s) gördüyü işlərin arxası ilə gələn acı nəticələr və ehtimal olunan xətərlər idi ki, Allah “günahların bağışlandı” cümləsi ilə onların Peyğəmbərə (s) artıq yetişməyəcəyini vəd edir.
3. Peyğəmbərin “gələcək günahları” ifadəsindən məqsəd Peyğəmbərin (s) Qüreyş başçılarının qanını tökməsi idi. Allah zahirdə günah hesab olunan bu əməllərin pis aqibətini və təsirini Peyğəmbərdən (s) uzaq edəcəyini “bağışlamaq” kəlməsi ilə bildirir.
4. İmam Rza (ə) buyurur: O zaman ərəb müşriklərinin nəzərinə əsasən Peyğəmbərdən (s) daha çox biri günahkar yox idi. Çünki onların 360 bütdən tanrıları olduğu halda Peyğəmbər (s) onların hamısını çölə atıb insanları vahid olan Allaha dəvət etdi. Məhz onların əzəmətli hesab etdikləri bütlər ilə belə rəftar etmək onlara görə çox böyük günah hesab olunurdu. Necə ki, özləri belə deyirdilər:
«أَ جَعَلَ الاْلِهَةَ إِلهاً واحِداً إِنَّ هذا لَشَيْءٌ عُجابٌ. وَ انْطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَ اصْبِرُوا عَلى آلِهَتِكُمْ إِنَّ هذا لَشَيْءٌ يُرادُ. ما سَمِعْنا بِهذا فِي الْمِلَّةِ الاْخِرَةِ إِنْ هذا إِلاَّ اخْتِلاقٌ »؛
“Əcəba, O, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir. Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir). Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır.” (Sad surəsi, 5-7-ci ayələr)
Allah Məkkəni Peyğəmbəri (s) üçün fəth edəndə buyurdu:
«إِنّا فَتَحْنا لَكَ فَتْحاً مُبِيناً»؛
“Bu aşkar fəthi sənin üçün etdik” ki, daha bəziləri sənə əziyyət etməsinlər. Tarixə əsasən elə belə də oldu, müşriklərdən bir hissəsi müsəlman oldu, bəziləri Məkkədən qaçdı və Məkkədə qalan bir qrup insanlar da artıq Tovhidi inkar etməyə cürətləri qalmadı. Beləliklə, müşriklərin Məkkədə Peyğəmbəri (s) günahda ittiham etdikləri əməlləri sanki əfv olundu. Yəni artıq onu bir suçla iitiham edib, zərər yetirə bilməzdilər. (Fəth surəsi, 1-ci ayə)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter