Peyğəmbər (s) səhabəsi Bilal Həbəşi Əhli-Beytə (ə) qarşı etiqadı necə olmuşdu?
Xanımın Zəhranın (ə.s) halının pisləşdiyini görən Bilal sonuncu azanını yarımçıq qoyur.
İslaminSesi.info - Bilal Həbəşi dedikdə insanın zehninə öncə azan sədası gəlir. Çünki Bilal İslamın ilk azançısıdir. Onun əsli Sudanın şimal bölgəsindəndir. Ataları Sudandan Yəmənə, ordanda Məkkəyə əsir olaraq gətirilmişdir. Bilal ilk iman gətirərlərdən, Məkkədə əziyyətə məruz qalmış ilk müsəlmanlardandır.
Tarixi mənbələrdə onu həzrət Peyğəmbərin (s) azad etdiyi qeyd olunur. Bilal Mədinəyə hicrət edənlərdən və qardaşlıq əhdi bağlayan ilk müsəlmanlardandır. Bilal daim peyğəmbərin (s) yanında olmuş, bütün döyüşlərdə fədakarcasına iştirak etmişdir. Bilal Məkkənin fəthində də iştirak etmiş, peyğəmbərin (s) göstərişi ilə Kəbə üzərində ilk azan verən şəxsdir. Peyğəmbərin (s) vəfatından sonra Bilal, Şama hicrət etmiş və bir daha heç vaxt azan verməmişdir.
Yalnız bir dəfə həzrət Zəhranın (s) istəyi ilə minbərə qalxır və azan verməyə başlayır. Lakin Xanımın (ə.s)halının pisləşdiyini görən Bilal sonuncu azanını yarımçıq qoyur.
Bilal peyğəmbər (s) vəfatından sonra daima İmam Əlinin (ə) xilafətini müdafiə edir. Lakin tənələrdən uzaq olmaq üçün Şama hicrət edir. Bir daha heç bir döyüşdə iştirak etmədiyi bildirilir.
İmam Sadiq (ə) Bilalı “Saleh bəndə və Əhli-beyt dostu” adlandırıb.
İmam Səccad (ə) Bilalı mədh edərkən, onun İmam Əli (ə) barəsində müxaliflərlə bəhs edərkən gətirdiyi dəlillərə toxunub. İzzətli səhabə olan Bilal Həbəşi peyğəmbərin (s) vəfatından sonra heç bir Xəlifəyə beyət etmir və Şama hicrət edərək ömrünün sonunadək orada yaşayır.
Hicrətin 20-ci ilində dünyasını dəyişən Bilal Həbəşi şamda (Dəməşq) vəfat edir və “Babus-səğir” məzarlığında dəfn edilir./Yaşar Nuriyev