İnsan mənəviyyatının ən böyük bəlası nədir? - Peyğəmbərdən (s) tövsiyə
“Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın.” (Hədid-57)
İslaminSesi.info – Mənəviyyat insanın ayrılmaz bir hissəsidir. Daha doğrusu insanın şəxsiyyətini formalaşdıran inkar olunmaz bir həqiqətdir. İnsan dünya həyatında bir çox vəzifələrə mükəlləfdir. Bunlardan bəzi həyat əhəmiyyətli işləri qeyd etmək olar. Lakin bu işlərin fövqündə duran daha önəmli vəzifəsi mənəviyyatını formalaşdırmasıdır. Çünki ruh və bədəndən ibarət insanın əsl həqiqət onun özü olan ruhudur!
İnsan Rəbbi ilə ibadət və dua kimi müxtəlif vasitələrlə ünsiyyət qurur. Qəlbində olanları Rəbbinə etiraf edir. Öz hacətlərini Ondan istəyir. Mütəal Allah da onun istəklərini əta etməklə yanaşı ikinci bir hədiyyə də bəxşiş edir. Bu onun qəlbinin paklığı, mənəviyyatının aydınlanmasıdır. Çünki dua etmək dərin bir etiqad və möhkəm bağlılığdır. İnsan dua edib istəməklə Rəbbbinin qüdrətini, öz bəndəliyini və möhtaclığını təsdiq edir. Bu səbəbdən Mütəal Allah bəndəyə istədiyini verməklə yanaşı ona bilmədiyi, istəmədiyi, yaxud fərqində olmadığı daha böyük bir nemət bəxş edir. Bu onun mənəvi paklığı, şəxsiyyətinin formalaşması və daxili nuraniyyətidır. Bu payı onu mənəviyyat yolunda kamalata götürən ilahi rəhmətdir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِنْ رَحْمَتِهِ “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın.” (Hədid-57)
Lakin bu hər zaman belə olmur. İnsanın Rəbbindən dilədiyi ona əta edilmir, yaxud istədiyi verilsə belə ikinci pay onun nəsibi olmur. Açdığı hacət əli bəzən boş qalır. Bunun səbəbi insanın qəfləti və mənəvi yoxsulluğudur. Bu yoxsulluğun əsl səbəbinə işarə edən Peyğəmbər buyurub:
\"Hər kəm duasının qəbul olmasını, hacətinin əta edilməsini istəyirsə qidasını və qazancını paklasın.”
Yaxud Həzrət (s) digər bir mənbədə buyurur: “Qidanı pakla, daxilinə haram qəbul etmə!”
İmam Sadiq (ə) bu məsələ ilə bağlı bir hədisdə buyurub: “Mütəal Allah haram yeyənin və boynunda başqasının haqqı olan bir kimsənin duasını qəbul etməz!”
İnsan mənəviyyatının, şəxsiyyətinin xilası bəndənin Rəbbi ilə ünsiyyətində və Allahın ona olan bəxş etdiyi mərhəmət payındadır. Ünsiyyətə yetişməyin yolu isə halallıq və paklıqdan keçir. Həzrət peyğəmbər (s) qidanı və qazancı mənəviyyatın və rəhmətin açarı kimi tanıtdırıb. Bununla yanaşı bu məsələyə diqqətsizlik isə mənəviyyat və yoxsulluğun ən böyük bəlasıdır./Yaşar Nuriyev