Quranİ-Kərİmdə Həzrət Peyğəmbərİn (s) İsmətİ barədə ayə mövcuddurmu? Rəvayətlərdə necə ?


Qurani-Kərimdə bəzi ayələr bütün peyğəmbərlərin ismətini isbat edir və digər bir qrup ayələr isə İslam Peyğəmbərinin (s) ismətini məxsus şəkildə açıqlayır. Aşağıda onların bir neçəsini nəzərinizə çatdırırıq:
1. Bəzi ayələr peyğəmbərin vəhy zamanı xəta etmədiyinə işarə edərək onun məsumluğunu isbat edir.
«وَ لَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ. لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ. ثمُّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ. فَمَا مِنكمُ مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ»؛
“Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə istinad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qoparardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.” (Haqqə surəsi, 44-47-ci ayələr)
Digər ayələr isə Peyğəmbərin (s) ismətinin vəhy qəbul etdiyi və çatdırdığı zamana işarə edərək buyurur:
«وَ إِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعالَمِينَ. نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ. عَلى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ»؛
“Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);” (Şüəra surəsi, 192-194-cü ayələr)
Bir dəstə ayələr isə peyğəmbərin (s) vəhyin qorunmasında dəqiq olduğuna və unutqanlıq və səhvdən məsum olduğuna zəmanət verir:
«وَ النَّجْمِ إِذا هَوى. ما ضَلَّ صاحِبُكُمْ وَ ما غَوى. وَ ما يَنْطِقُ عَنِ الْهَوى. إِنْ هُوَ إِلاّ وَحْيٌ يُوحى»؛
“Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki, sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (Nəcm surəsi, 1-4-cü ayələr)

2. Digər bir qrup ayələr isə Peyğəmbərin (s) ömrü boyu hər cür etiqadında, danışığında və əməlində yanlışlıqlardan uzaq olduğuna işarə edir.
«سَنُقْرِئُكَ فَلا تَنْسى»؛
“(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan”. (Əla surəsi, 6-cı ayə)
3. Bu qrup ayələr isbat edir ki, Peyğəmbərin isməti yalnız vəhyin qəbulu, qorunması və çatdırılması ilə məhdudlaşmır. Əksinə, Peyğəmbərin (s) dini bəyan edərkən bütün sözlərinə hər bir məqamda şamil edilir. Bir sözlə, peyğəmbərimizin (s) sözləri dini risaləti çatdırdığı hər anda səhvdən, unutqanlıqdan və xətadan uzaqdır.

4. Bəzi ayələr Peyğəmbərin (s) dini anladan sadiq mənbə oldu-ğuna işarə edib.
«وَ أَنْزَلْنا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ ما نُزِّلَ إِلَيْهِمْ»؛
“Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (Nəhl surəsi, 44-cü ayə)
«وَ ما أَنْزَلْنا عَلَيْكَ الْكِتابَ إِلاَّ لِتُبَيِّنَ لَهُمُ الَّذِى اخْتَلَفُوا فيهِ وَ هُدىً وَ رَحْمَةً لِقَوْمٍ يُومِنُونَ»؛
“Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!” (Nəhl surəsi, 64-cü ayə)
Bizlər Həzrət Peyğəmbərin (s) dini bəyanındakı məsələlərdə o zaman ixtilaf etmərik ki, Peyğəmbəri hər cür xətadan məsum bilmiş olaq. Əgər belə olmasa, onda o Həzrətin kəlamlarına da xəta ehtimalı verərdik.

5. Qurani-Kərim bir çox ayələrdə müxtəlif ifadələrlə peyğəmbərdən (s) heç bir qeydi-şərt olmadan tabe olmağa sifariş edir. Necə ki, öncəki bəhslərdə qeyd etdik, heç bir şərt və qeyd olmadan bir mənbəyə tabe olmaq onun hər növ xəta və yanlışlıqdan uzaq olmasından xəbər verir. Məntiqli dəlillərdən əlavə Qurani-Kərimin bəzi ayələri də bu fikri təsdiqləyir. Necə ki, oxuyuruq:
«وَ لا تَتَّبِعْ أَهْواءَ الَّذِينَ لا يَعْلَمُونَ»؛
“...(haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa özünü məhvə düçar edərsən! Peyğəmbər məsum olduğu üçün Məhəmməd əleyhissəlama göndərilən bu əmrlər əslində onun ümmətinə aiddir).” (Casiyə surəsi, 18-ci ayə)
Ayədən göründüyü kimi Allah heç vaxt məsumdan qeyrisinə tabe olmağa razılıq vermir.
Müqəddimə 1: Qurani-Kərim bir çox ayələrdə Peyğəmbərə itaət etməyi əmr edir və ona itaət etməyi Allaha itaət etmək hesab edir.
«مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطاعَ اللّهَ».
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.” (Nisa surəsi, 80-ci ayə)
«وَ ما أَرْسَلْنا مِنْ رَسُولٍ إِلاّ لِيُطاعَ بِإِذْنِ اللّهِ».
“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik.” (Nisa surəsi, 64-cü ayə)

Müqəddimə 2: Allah-taala bir neçə ayələrdə isə Peyğəmbərə (s) mütləq şəkildə (istisnasız) itaət etməyi tapşırır. Buradan anlayırıq ki, hər zaman və bütün məqamlarda Həzrət Peyğəmbərin (s) göstərişlərinə heç bir qeyd olmadan əməl olunasıdır.

Müqəddimə 3: Bir şəxsə mütləq şəkildə itaət etmək onun isməti ilə eynidir. Allah Peyğəmbərə (s) itaət etmək dedikdə, məqsədi ilahi göstərişləri Peyğəmbər vasitəsilə öyrənməkdir. Əgər Peyğəmbər (s) məsum olmasaydı o zaman İlahi risaləti insanlara yetirməyində səhvə yol verərdi. Bu da Allahın hədəfi ilə ziddiyyət təşkil edərdi. Deməli hikmət sahibi olan Allahın Peyğəmbərə itaət göstərişi ilə öz hədəfinə çatması üçün Peyğəmbər (s) gərək bütün yanlışlıqlardan məsum olsun.

«وَ لَوْ لا فَضْلُ اللَّهِ عَلَيْكَ وَ رَحْمَتُهُ لَهَمَّتْ طائِفَةٌ مِنْهُمْ أَنْ يُضِلُّوكَ وَ ما يُضِلُّونَ إِلاَّ أَنْفُسَهُمْ وَ ما يَضُرُّونَكَ مِنْ شَىْ‏ءٍ وَ أَنْزَلَ اللَّهُ عَلَيْكَ الْكِتابَ وَ الْحِكْمَةَ وَ عَلَّمَكَ ما لَمْ تَكُنْ تَعْلَمُ وَ كانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظيماً»؛
“(Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasaydı, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (Nisa surəsi, 113-cü ayə)

6. İmam Hadi (ə) Həzrət Peyğəmbərə (s) salam göndərərkən belə buyurardı:
«اللّهم اجعل افضل صلواتك على سيّدنا محمد عبدك و رسولك... المعصوم من كل خطأ و زلل، المنزّه من كلّ دنس و خطل»؛
«İlahi, Pərvərdigara, ən böyük salamı bizim baş ucalığımız olan sənin bəndən və elçinə göndər. Necə ki, o, hər cür xəta və səhvdən məsum və hər cür çirkinliklərdən və yanlışlıqlardan uzaqdır». (Biharul-ənvar, c.99, səh.178)

7. Həzrət Peyğəmbərin (s) səhabələri də o Həzrəti xəta və səhvlərdən məsum bilirdilər. Birinci xəlifə xilafətinin ilk xütbəsində belə deyir:
«انّ رسول‏اللّه صلى‏الله‏عليه‏و‏آله خرج من الدّنيا و ليس احد يطالبه بضربة سوط فما فوقها و كان معصوماً من الخطا»
«Allahın Rəsulu dünyadan köçdü. Elə bir halda ki, heç kəsin ondan hətta bir qamçı zərbəsi qədərincə (ki, nahaq bir kəsə vurmuş olsun) tələbi yox idi. Necə ki, Həzrət hər xəta və səhvdən məsum idi.” (Biharul-ənvar, c.10, səh.439)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter