Allahın bizdən təkidlə istədiyi salamat qəlb hansıdır?


Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (Şüara-89)

İslaminSesi.info – İnsan elə bir mürəkkəb varlıqdır ki, onu barəsində nə qədər təhqiqat aparılsa, nə qədər öyrənilsə də kifayət etmir. Elmin bu qədər irəli getdiyi bir vaxta insanın əsl idarə etmə mərkəzi tam məlum deyildir.

Bunun cavabını Quranda axtardıqda belə, bu ilahi kitab bəzən insanı “düşünmürsünüz” deyə, bəzən kor, bəzən də qəlbi xəstə deyə məzəmmət edir: \"Onların qəlbində mərəz var. Allah onların mərəzini daha da artırar.” Bəqərə-10

Lakin son mərhələni, yəni insanın Rəbbinə qovuşacaq anı bəyan edərkən isə qəlb bütün bunlardan önə keçir. Bu da o deməkdir ki, ağıl və görmək qəlbin sağlamlığına xidmət edir və nəticədə insanın Rəbbinə təhvil verəcəyi ən ali əmanət, ona bəxş edilmiş qəlbdir.


İdrak və elm kimi dəyərli nemətlər qəlbin paklanmasına xidmət etməlidir. Əgər bunlar vardırsa və nəticədə qəlbin paklığına xidmət etmirsə o zaman insana faydası yoxdur. Çünki insanın həqiqəti onun ruhudur!

Quran yalnız Rəbbinin hüzuruna sağlam qəlblə gələnləri, Rəbbinə sağlam və salamat qəlb təhvil verənləri mədh edir, yalnız bu şəxslərin ali məqama yetişəcəklərini, nicat tapacaqlarını söyləyir: “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!

Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (Şüara-88-89)

Təmiz qəlb, sağlam qəlb hansıdir? İmam Sadiq (ə) təmiz qəlb barədə buyurub: “Sağlam, təmiz qəlb o qəlbdir ki, Rəbbi ilə görüşə bilsin (ünsiyyət qura bilsin, Rəbbini hiss etsin) və o qəlbdə Allahdan qeyrisi olmasın”.

Şəhid Mütəhhəri salamat qəlb barədə buyurur: “Sağlam qəlb odur ki, onda kin, küdurət, həsəd və bu kimi nəfsin rəzil xislətləri olmasın. Həmçinin bəyənilməz sifətlər olmasın”.

Böyük alim, arif Ayətullah Muhəmməd Hadi Həmədani sağlam qəlb barəsində buyurur: “Sağlam qəlb odur ki, onda Allahdan və Allah sevgisindən savayı heçnə olmasın”.

İnsanın ən mühüm vəzifəsi onun şəxsiyyətinin göstəricisi olan qəlbini paklası və sonda Rəbbinin hüzurunda onu pak halda təhvil verməsidir./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter