Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?


Həzrət Musanın (ə) ömründən 240 il keçirdi. Bir gün Həzrət Əzrail (ə) onun yanına gəlib deyir: \"Salam olsun sənə, ey Allahın həmsöhbəti!\"

Musa Peyğəmbər (ə) salamının cavabını verdikdən sonra ondan soruşur: \"Sən kimsən?\"
- Mən ölüm mələyiyəm.
- Bura niyə gəlmisən?
- Sənin canını almağa gəlmişəm.
- Ruhumu bədənimin harasından xaric edəcəksən?
- Ağzından.
- Ağzımdan? Axı mən bu ağız vasitəsilə Allahla danışmışam!
- Ayaqlarından.
- Ayaqlarımdan? Axı mən bu ayaqlarla (Allahla münacat etmək üçün) \"Tur\" dağına getmişəm!
- Gözlərindən.
- Gözlərimdən? Axı mən bu gözlərimlə həmişə Rəbbimə ümid edərək baxmışam!
- Qulaqlarından.
- Qulaqlarımdan? Axı mən Allah-Təalanın kəlamlarını qulaqlarımla eşitmişəm!
Allah-Təala Həzrət Əzrailə (ə) vəhy edir ki, özü istəyənə kimi Musanın canını alma.

Həzrət Əzrail (ə) oradan gedir. Musa Peyğəmbər (ə) illərlə ömür sürür. Nəhayət, bir gün Yuşə ibn Nunu çağırıb ona öz vəsiyyətlərini edir. Sonra bir gün təkcə \"Tur\" dağından keçəndə bir kişinin qəbir qazmaqla məşğul olduğunu görür. Ona yaxınlaşıb deyir: \"İstəyirsən sənə kömək edim?\" Həmin kişi \"bəli\" deyə cavab verir. Musa Peyğəmbər (ə) ona kömək etməyə başlayır. Qəbri qazıb qurtardıqdan sonra Həzrət Musa (ə) qəbrə daxil olur. Onun içində uzanır ki, qəbrin uzunluğunun düz olub-olmadığını yoxlasın. Həmin andaca Allah-Təala onun gözləri önündən pərdəni kənara çəkir. Həzrət Musa (ə) özünün Cənnətdəki məqamını görür. Musa Peyğəmbər (ə) deyir: \"Allahım, mənim ruhumu Öz yanına apar!\" Həmin vaxt Həzrət Əzrail (ə) onun canını alır və o qəbri Musa Peyğəmbərin (ə) məzarı edərək üzərini örtür. Əslində, qəbirqazan elə Həzrət Əzrailin (ə) özü olur. O, Özünü həmin surətdə göstəribmiş.

Bu vaxt Haqqın carçısı səmada uca səslə belə deyir:
\"Kəlimullah (Allahın həmsöhbəti olmuş) Musa da öldü. Daha bundan sonra kimdir ölməyən?\"
Bəzi hədislərə əsasən, Həzrət Musanın (ə) qəbri Nəcəfdə yerləşən \"Tur\" dağında, yaxud da \"Sina\" bölgəsindədir.

Biharul-ənvar, c. 13, səh. 365)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter