İmam Əlidən (ə) ən ağır cəzanı istəyən günahkarın aqibəti haqda hansı göstəriş verilmişdir?
İmam Sadiq (ə) nəql edir ki, Əmirəl-möminin (ə) bir gün səhabələri ilə əyləşmişdi. Bir kişi gəlir və deyir: “Ey Əmirəl-möminin! Mən zina etmişəm, məni pak et (cəzalandır)!”. Həzrət (ə) buyurur: “Evinə qayıt, bəlkə təbiətində yaxşılıq hərəkətə gələr”.
İmam (ə) belə düşünür ki, etdiyi etirafı ağıl və şüuru üzərindən olmamışdır.
Ancaq həmin şəxs sabahısı günü yenə gəlir və həmin sözləri deyir və onu cəzalandırmağını istəyir. İmam (ə) da ona buyurduğu sözləri yenə təkrar edir və həmin şəxs evinə qayıdır.
Bu hal dörd gün davam edir və nəhayət İmam (ə) ona buyurur: “Peyğəmbər (s) belə olan zaman üç hökm buyurmuşdur, hansını istəsən seçə bilərsən. Biri budur ki, əl və ayaqlarını bağlayacaq və dağdan aşağı atacaqlar. İkincisi budur ki, səni qılıncla öldürəcəklər. Üçüncüsü isə səni atəşdə yandıracaqlar”.
Həmin şəxs deyir: “Ya Əli! Bunların hansısı daha ağırdır?”.
İmam (ə) buyurur: “Atəşdə yanmaq”.
Deyir: “Onu seçirəm”.
İmam (ə) buyurur: “Onda özün hazırlıq gör”.
Deyir: “Belə də edəcəyəm”.
Ayağa qalxır və iki rükət namaz qılır. Sonra əllərini göyə qaldırıb deyir: “Allahım! Mən elə günah etmişəm ki, Sən ondan agahsan. Mən öz günahımdan qorxmuşam və Sənin vəsinin yanına gəlmişəm. Ondan istəmişəm ki, məni bu günahdan pak etsin. O, məni üç cəza arasında qərar verməkdə vəzifələndirdi.
Allahım! Mən ən çətin olanı seçdim. Səndən istəyirəm ki, bu cəzamı günahımın kəffarəsi qərar verəsən. Məni axirətdə cəhənnəm atəşində yandırmayasan”.
Ağlamağa başladı və bu halda atəşlə dolu çuxurda əyləşdi. Atəş hər tərəfindən alovlanmağa başladı.
İmam Əlinin (ə) onun bu halına ürəyi yandı və ağlamağa başladı. Səhabələri də ağladılar. Həzrət (ə) həmin şəxsə buyurdu: “Ayağa qalx, ey kişi! Yerin və göyün mələklərini ağlatmısan. Allah, tövbəni qəbul etdi! Ayağa qalx və etdiyin günahı bir daha təkrarlama”. Beləcə, bu kişi bu dünyadaykən imtahanını verdi və günahdan təmizləndi./Deyerler.