Mömini hansı 5 əlamətlə tanımaq olar?


İmam Səccaddan (ə) belə bir hədis vardır ki, mömini tanıdır. Həzrət (ə) buyurur: “Möminin beş nişanəsi vardır:

1. “Xəlvətdə təqvaya riayət etmək”. Mömin hər bir zaman günahdan qaçır – istər aşkarda olsun, istərsə də xəlvətdə. Çünki yaxşı bilir ki, Allahın agah olmadığı məkan və zaman yoxdur. Allahdan savayı heç kəsi əməllərinə nazir bilmir. Özünü İlahi dərgahda görür.

2. “Ehtiyaclı olan zaman sədəqə vermək”. Möminin nişanələrindən biri də budur ki, özü ehtiyaclı və yoxsul ola bilər, amma buna baxmayaraq sədəqə verər və ehsan edər. Çünki daxildən Allaha bağlılığı güclüdür. O kəsin ki, sərvəti olar – onun sədəqə verməsi savabdır, amma böyük hünər sayılmaz. Hünər odur ki, özün ehtiyacı olan zaman başqalarına yardım edəsən.

3. “Müsibətdə səbir etmək”. Mömin müsibətə düçar olan zaman səbir edər, üsyan etməz. Dili şikayət üçün açılmaz.

4. “Qəzəblənən zaman səbir etmək və mülayim olmaq”. Mömin o kəsdir ki, qəzəblənən zaman özünü ələ ala bilir və qəzəb qüvvəsini kontrol edə bilir. Bu səbir və mülayimlik onun imanından irəli gələr.

5. “Çətin zamanda düz danışmağını tərk etməmək”. Adətən insanlar iki halda yalan deyərlər: ya mənfəət əldə etmək istəyərlər, ya da ziyandan qaçmaq istəyərlər. Məsələn, bəzən hansısa tacir mənfəətini əldən verməmək üçün müştərisinə yalan deyər. Ya ziyana düşməyindən qorxub yalan deyər.

Ancaq mömin o kəsdir ki, çətin vəziyyətə düşməsinə baxmayaraq, doğrunu və düzgünlüyünü əldən verməz. Qorxmaz ki, bu doğru sözü onu əziyyətə sala bilər. Əksinə, qəlbi imanla o qədər doludur ki, dilinə yalan kəlməsini gətirə bilməz. Bəli, hər kimdə bu beş nişanə olar, mömin sayılar. /Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter