Bizim eyblərimizi örtmək – Allahın nemətlərindən biridir?!


Qurani-Kərinmdə Uca Allahın adları çəkilmişdir ki, onlardan biri də Şəkur adıdır. “Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir»”. (“Fatir” 34).

Alimlər bu sözü çox qədir bilən kimi tərcümə ediblər. Yəni, Allah Şəkur olduğu üçün bəndələrinin etdiyi ən kiçik xeyir əməlin belə qədrini bilir və qiymətləndirir.

İmam Hüseyn (ə) Ərəfatda dua edən zaman buyurmuşdu: “Allahım! Mən nə zaman Sənə itaət etsəm, Sən mənə təşəkkür edir və qədrimi bilirsən”.

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah çox rəhimli və bağışlayandır. Ancaq Allah o kəslərə qarşı rəhimlidir ki, tövbə etmək və günahından əl çəkmək niyyətinə malikdirlər.



Qurani-Kərimdə bu haqda buyurulur: “Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam”. (“Taha” 82).



Ona görə də bəndə gərək ilk olaraq tövbə etsin və sonra xeyir əməllər yerinə yetirərək, həmin əməlin əvəzini verməyə çalışsın. Tövbə qəsdi olmadan edilən xeyir əməllər qəbul olmaz.

Lakin bütün bunlara baxmayaraq, Allah bəndələrinin günahının üstünü açmır və onların abırını aradan aparmır. Onları Qiyamət gününə qədər gizli saxlayır.



Həzrət Peyğəmbər (ə) İbni Abbasa Allahın zahiri və batini nemətləri ilə bağlı buyurur: “Zahiri nemət – sənin mötədil olmağındadır. Batini nemət – sənin eyb və çirkinliklərini gizlətməkdir ki, əgər Allah onları aşkar etsəydi, insanın öz ailəsi ondan qaçar və ona nifrət edərdi, o ki, qaldı başqalarına”. (Tebyan)

Ona görə də Allahın bu nemətinin qədrini bilmək lazımdır. Əgər istəyirsənsə ki, Allah sənin eyblərini gizli saxlasın – əziz Peyğəmbərin (s) verdiyi tövsiyəyə görə, gərək sən də din qardaşlarının eyblərini gizli saxlayasan./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter