Qiyamətdə insanların 3-cü dəstəsi olan “Müqərrəblər” kimlərdir? – Mürtəza Mutəhhəridən izah
Qeyd edək ki, Qurani Kərim “Vaqiə” surəsində qiyamət səhnəsinin insanlarını 3 dəstəyə ayırır.
İslaminSesi.info – Quran və hədislərdən əldə edilən ümumi bilgiyə görə insanlar ya səadət əhlidir ya şəqavət (bədbəxt). Yəni qiyamətdə insanların bir qismi ya bağışlanıb cənnətə daxil olacaq, ya da bir qismi cəzasını və boyununda olan haqların əvəzini ödəmək üçün cəhənnəmə atılacaq. Bu ümumi qaydada belədir.
Lakin bəzən Quran 3-cü bir dəstənin də adını çəkir ki, bu insanı düşünməyə vadar edir. Ustad Mutəhhəri “Vaqiə” surəsinin bəzi mətləblərinə işarə edərkən qiyamətdə insanların neçə dəstə olacağı məsələsinə də diqqət çəkib:
-Əgər Quran insanların iki qismə bölünməsinə işarə edərsə burda heç bir irad yoxdur. Çünki insan ya səadət, ya da cəhənnəm əhlidir.
Çünki Quran buyurur: “Səadət əhlinə gəlincə onlar cənnət əhlidir”, yaxud “Şəqavət əhlinə gəlincə onlar cəhənnəmdədirlər”.
Lakin bununla bərabər Quran “səadət əhlini”də qismlərə ayırır və onlara təkcə “səadət əhli” deməklə kifayətlənmir. Onların içindən də bir dəstəni çəkib çıxarır. Həm də böyük fərqlə!
Həmin bu dəstə Vaqiə surəsində “Sabiqun” – yəni öndə gedənlər adlandırılıb. Həm də ardınca onları (sabiqun olanları) belə tanıtdırır: “Ulaikəl-muqərrəbun” (Onlardır müqərrəb, yaxın olanlar).
Digər bir dəstəni isə “Əshabul məymənəh”-yəni “sağ yol əhli” adlandırıb. Sağ yol əhi “Vaqiə” surəsində olmasa da başqa yerlərdə “Əbrar” (yaxşılar) kimi tanıtdırılır, yəni yaxşılara nisbət verilib.
Bu o deməkdir ki, səadət əhli iki dəsdədən: “sağ yol əhli” və “müqərrəblər” olaraq iki dəstədən ibarətdir. Beləcə səadət əhlinin iki qism olduğu və bu iki dəstənin fərqi məlum oldu.
Dəqiq bilmirəm hədisdir yoxsa ariflərin kəlamlarından, amma belə bir cümlə vardır: “Yaxşıların əməlləri müqərrəblər üçün günahdır”. Yəni bu o deməkdir ki “müqərrəblərin” məqamı o qədər alidir ki, “yaxşılar” dərəcəyə aparan, dərəcəyə çatdıran əməllər onlar üçün kiçik hesab olunur və onları (müqərrəbləri) nəinki ucaldır, bəlkə geri çəkir.
Yəni “yaxşıların” ən üstün əməlləri “müqərrəblərin” ən aşağı günahı ilə bir dərəcədədir.
Belə olduqda artıq “müqərrəblər” ilə “əshabi-yəmin” (sağ yolun əhli) arasında çox böyük fərq vardır.
(Aşina ba Quran - 6cı cild)
Qeyd edək ki, Qurani Kərim “Vaqiə” surəsində qiyamət səhnəsinin insanlarını 3 dəstəyə ayırır:
1.Əshabul-məymənəh - Sağ yolun əhli (cənnət əhli)
2. Əshabuş-şimal - Sol yolun əhli (cəhənnəm əhli)
3. Əs-sabiqun – Öndə gedənlər, müqərrəblər, Allaha yaxın olanlar./Yaşar Nuriyev