Şeytan peyğəmbərlərə təsİr göstərə bİlİrdİsə onlar necə məsum qaldılar?


Şeytan peyğəmbərlərin ismətinə xələl gətirəcək heç bir təsir etməmişdir. Qurani-Kərim şeytanın bir neçə məqamda peyğəmbərlərə dəxalət etdiklərindən söz açır. Ancaq bu, onlardakı isməti inkar etmir. Bu mövzunu aşağıda Qurani-Kərimdən ayələrə işarə edərək izah edirik:

1. Qurani-Kərim buyurur:
«وَ ما أَرْسَلْنا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ وَ لا نَبِيٍّ إِلاَّ إِذا تَمَنَّى أَلْقَى الشَّيْطانُ في أُمْنِيَّتِهِ فَيَنْسَخُ اللَّهُ ما يُلْقِي الشَّيْطانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آياتِهِ وَ اللَّهُ عَليمٌ حَكيمٌ»؛
“(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Həcc surəsi, 52-ci ayə)
Göründüyü kimi ayə şeytanın işə mane olan dəxalətindən söz açır. Bildirilir ki, o hər zaman peyğəmbərlərin fəaliyyəti və insanların hidayəti önündə əngəl olmaq istəyir. Şeytanın nəticə verməyən heç bir səyləri peyğəmbərlərdəki ismətə xələl yetirə bilməmişdir. Və bununla da şeytanın arzusu ürəyində qalmışdır.

2. Qurani-Kərim başqa yerdə şeytanın fitnələrindən söhbət açaraq buyurur:
«يا بَنى آدَمَ لا يَفْتِنَنَّكُمُ الشَّيْطانُ كَما أَخْرَجَ أَبَوَيْكُمْ مِنَ الْجَنَّةِ يَنْزِعُ عَنْهُما لِباسَهُما لِيُرِيَهُما سَوْآتِهِما إِنَّهُ يَراكُمْ هُوَ وَ قَبيلُهُ مِنْ حيثُ لا تَرَوْنَهُمْ إِنَّا جَعَلْنَا الشَّياطينَ أَوْلِياءَ لِلَّذينَ لا يُومِنُونَ»؛
“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bil-mədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.” (Əraf surəsi, 27-ci ayə)
Allahın haram etdiyinə əməl etdiyi zaman peyğəmbər öz ismətinə xələl gətirmiş olardı. Bu ayədə isə ağacın məhsulundan dadmaqdan çəkindirmək haramla bir əməl dərəcəsində deyildi. Yəni Adəm peyğəmbər ağaca yaxınlaşmaqla günaha düçar olmamışdı. Allahın çəkindirdiyi məsələ bir “İrşadi hökm” idi və (öncə bəhs etdiyimiz kimi) bu növ hökmə riayət etməməklə ismətini aradan aparmadı. Sadəcə olaraq bu əməl onun müvəqqəti behiştdən xaric olmasına – bəşəriyyətin yaşadığımız yer kürəsinə enməsinə səbəb oldu. Bununla da İrşadi hökmü sındırmaqla mə-sumluğuna xələl gətirmədi, əksinə özünü çətinliyə saldı. Nəticədə dünya məşəqqətlərinə və əziyyətlərinə məruz qalmağa şərait yaratdı.

3. Quran Həzrət Əyyubun (ə) barəsində buyurdu:
«وَ اذْكُرْ عَبْدَنا أَيُّوبَ إِذْ نادى رَبَّهُ أَنِّى مَسَّنِيَ الشَّيْطانُ بِنُصْبٍ وَ عَذابٍ»؛
”(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur”.! (Sad surəsi, 41-ci ayə)
Bu ayə Həzrət Əyyubun (ə) şeytanın hiylələri ilə yaratdığı giriftarçılıqdan söz açır. O Həzrətin ismətə xələl gətirəcək ilahi əmrlər qarşısında süstlüyündən danışmır.
Bu ayə ola da bilsin ki, ümumiyyətlə bir köklü fikri çatdırır. O fikir budur ki: adəm oğluna yetişən hər bir müsibət birbaşa və ya dolayısı ilə şeytandandır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter