İnsanın özünü islah etməsinə mane olan 7 amil hansılardır?
Hər bir insanın daxilində bir fitri hidayət vardır ki, onu hərəkətə gətirər. O kəs ki, mənəvi inkişaf edə bilməz, gərək maneələri axtarıb tapsın. İmam Baqir (ə) buyurur: “Heç bir üstünlik və fəzilət cihad qədər deyildir. Heç bir chad da qədr və məqam baxımından nəfsi cihadla bərabər deyildir”. İnsanın özünü islah etməsinə mane olan amillərlə tanış olaq:
1. Nəfsin qabiliyyətinin olmaması. Yəni, nəfsi zəif olduğundan insan günaha düçar olar. Günah insanı heyvandan da alçaq səviyyəyə salar. Ürəyini və canını qaraldar. O insan ki, günaha adət edər, artıq onu tərk edə bilməz. Ona görə də kamala çata bilməz. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan günaha düçar olar, ürəyində bir qara nöqtə əmələ gələr. Əgər günahından tövbə edərsə, qara nöqtə məhv olar. Əgər günaha davam edərsə, qara nöqtə tədricən böyüyər və nəhayət ürəyin hər tərəfinə qələbə çalar. Bu halda heç bir zaman nicata çatmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü olan zaman Allah ümmətimin bəzilərinə qanad verər ki, qəbirlərindən uçarlar. Behiştə tərəf gedərlər və orada faydalanarlar. Mələklər onlardan soruşarlar: “Siz hesab verdinizmi?”. Deyərlər: “Bizim hesabımız yox idi”. Soruşarlar: “Siratdan keçdiniz?”. Deyərlər: “Biz Siratı görmədik”. Mələklər soruşarlar: “Siz kimin ümmətisiniz?”. Deyərlər: “Biz Muhəmmədin (s) ümmətiyik”. Mələklər soruşarlar: “Sizin dünyada əməliniz nə idi ki, bu cür uca məqama çatmısınız?”. Deyərlər: “Bizdə iki sifət vardır ki, Allah ona görə bizə bu məqamı vermişdir. Biri budur ki, Allah bizə dünyada nə qismət etmişdisə, ona razı olmuşuq. İkincisi budur ki, əgər gizlində günahın zəminəsi bizim üçün hazır olsaydı, Allahdan həya edərdik və günahı etməzdik””.
2. Dünyaya bağlanmaq. İnsanı Allahdan uzaqlaşdıran amildən biri də dünya sevgisidir. Bura mal-dövlətə, ailəyə, arvad-uşağa, vəzifəyə olan bağlılıq aiddir.
3. Havayinəfsin ardınca getmək. İnsan nəfsini islah etməzdən əvvəl, gərək onu yaxşı tanısın. Nəfsani istəklər nəfsi daima o tərəf-bu tərəfə sürükləyər. Allahdan qafil edər. İmam Əli (ə) buyurur: “Yaxşı olar ki, insan özünə qarşı kübar olsun, həmişə ürəyinə nəzarət etsin və və dilini qorusun”.
4. Çox yemək. O kəsin ki, fikri ancaq qarnını doldurmaq olarsa, necə Allahı yada sala bilər ki? Çünki səhər yeməyi yeyəndən sonra naharı düşünər və naharı yeyəndən sonra şamı düşünər. İmam Sadiq (ə) Əbu Bəsirə buyurur: “Qarın çox yeməkdən tüğyan edər. Bəndənin Allaha ən yaxın halı o zamandır ki, qarını boş olar. Ən pis halı isə o vaxtdır ki, qarını dolu olar”.
5. Çox danışmaq. Az danışmaq ağılın kamalının nişanəsidir. İnsan gərək zəruri olan zaman danışsın. Bu İlahi neməti zay etməsin. Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, Allah bəndəsinin yaxşılığını istəyər az danışmağı, az yeməyi və az yatmağı ona ilham edər”.
6. Özünü sevmək. İnsanın nəfsini islah etməsindəki ən böyük maneələrdən biri - özünü sevməsidir. İnsan gərək özünün yerinə Allahı sevsin. Ancaq Onun razılığını əldə etmək üçün çalışsın.
7. İradə zəifliyi. İnsanın kamala çatmağa mane olan amillərdən biri də iradəsinin zəif olmasıdır. İnsan Allah yoluna qədəm basan zaman, şeytan (lən) ona elə vəsvəsə edər ki, həmin yolu çətin və məşəqqətli görər. Ona görə də onu getməkdən boyun qaçırdar. Əmirəl-möminin (ə) buyurur: “Süstlüyü əzmlə müalicə edin”. Ona görə də özünü islah etmək - ancaq nəzəri bir şey deyildir, əməldə həyata keçməlidir. İnsan maneələri tanıdıqdan sonra gərək əməldə onları aradan qaldırsın./Deyerler.