Həzrət Loğmandan (ə) hər kəsə faydalı olacaq dəyərli nəsihət nələr olmuşdur?
“Həqiqətən, Loğmana: \'Allaha şükür et!\' (deyə) hikmət verdik.” (Loğman-12)
İslaminSesi.info - Hz. Loğmanın adı Quranda 2 dəfə zikr olunmuş, hətta Quranda 31-ci surə Hz. Loğmanın adı ilə adlandırılmışdır: “Həqiqətən, Loğmana: \'Allaha şükür et!\' (deyə) hikmət verdik.” (Loğman-12)
Təfsir alimləri və islam tarixçilərindən bəziləri Hz. Loğmanı peyğəmbər, bəziləri isə hikmət və kəramət əhli kimi təqdim etmişlər. Çox təfsirçilərin qənaəti budur ki, o (ə) peyğəmbər yox, ilahi hikmət verilmiş saleh bəndələrdəndir. O Həzrət (ə) demək olar ki, ancaq hikmətli kəlamları ilə xatırlanır və Quranda ancaq nəsihət etdiyi hallarda zikr olunur:
“(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: \'Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” (Loğman-13)
Həqiqətən də Həzrət Loğmanın (ə) nəsihətləri iman əhli üçün çox dəyərli və faydalıdır. Həzrət İmam Sadiq (ə) Loğmanın (ə) nəsihətlərindən birini xatırladaraq buyurdu:
Həzrət Loğman (ə) oğluna buyurdu:
Ey oğul! Ədəbi kiçiklikdə öyrənsən, böyüyəndə faydasın görərsən!
Hər kəs ədəb kimi bir dəyərə diqqət yetirərsə, onun əhəmiyyətli olduğunu görər.
Kim ədəbə əhəmiyyət verərsə, elmə mükəlləf olar.
Kimdə elmə mükəlləf olarsa, onda elm tələbi, elm susuzluğu yaranar.
Kimdə elmə tələb artarsa, elmin faydasını idrak edər.
Elə isə daim ədəbli ol! Bunu özünə adət et!
Sən özündən öndəkilərin davamçısısan, bil ki, sənin də davamçıların olacaq. (özündən sonrakılara gözəl irs burax)!
Ey oğul! Gün ərzində, gecədə, gündüzdə, hətta ömrünün hər bir saatında elmə vaxt ayır. Bunu etməsən ömrünü zay etmiş olarsan və həqiqətən bunun kimi (elmi tərk etmək kimi) ömrü zay edən ikinci bir şey tapa bilmərsən.
Heç bir fəqihlə mücadilə etmə!
Heç bir sultanla düşmənçilik etmə!
Heç bir zülmkarla yoldaşlıq etmə, onu təsdiqləmə!
Günaha aludə olan heç bir fasiqlə (əxlaqsızla) yoldaşlıq etmə!
Öz elmini sərvətini qoruduğun kimi qoru!
(Təfsiri-Qumi. 2/164) (Bihar- 13/411)
Elm öyrnmək, bilmək mənasındadır. İnsanın öyrəndiyi hər bir faydalı şey onun elmidir. İnsan gərək ona verilmiş dəyərli ömrünü özü üçün və insanlığ üçün faydalı işlərə sərf etsin. Əks təqdirdə ömrünü zay etmiş olur./Yaşar Nuriyev