Nə üçün peyğəmbərlərin dövründə ümumdünya ədalət hökuməti qurulmayıb?
Bu sual başqa şəkildə də verilə bilər: nə üçün ümumdünya ədalət hökuməti bəşər tarixinin sonunda gerçəkləşəcək? Görən bu iş təsadüfidir, yoxsa nəyəsə əsaslanır? Deyə bilərik ki, fərdin təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil gerçəkləşməlidir:
1. Xarici amil: Cəmiyyətin hər bir üzvü yaranış məqsədi olan ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan yol tapılmalıdır. Nə qədər ki, bəşər düşüncəsi bu həqiqətləri anlamır, düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.
2. Daxili amil: Bu böyük məsuliyyət və hədəfi dərk edəcək düşüncə. Belə bir məqsədə çatmaq üçün insan vücudunda şüur yetkinləşməlidir. Şüurun yetkinləşməsi üçün isə növbəti şərtlər ödənməlidir:
a) Ağıl, Allaha itaətin, Allaha münasibətdə xüzu və xüşunun (mütiliyin) əhəmiyyətini dərk etməlidir;
v) İnsan ədalət və onun təsirlərini bilməlidir.
Bu daxili amil bir neçə yolla ödənə bilər:
1) Uyğun iman və ixlas cəmiyyətdəki fərdlərdə möcüzə şəklində yaranmalıdır.
Belə bir ehtimal möcüzə qanunu ilə uyğun gəlmir. Çünki möcüzənin əhatəsi məhduddur. Hansı ki, məqsədə çatmaq üçün möcüzədən başqa digər yollar var. Uyğun tələb insan tərəfindən azad, ixtiyari şəkildə ödənməlidir. İnsanın kamilliyi onun ixtiyari şəkildə gördüyü işdən asılıdır. Möcüzə isə deyilənlərə ziddir.
2) Bəşəriyyət heç bir məcburiyyət olmadan ali düşüncəyə çatmalıdır ki, Allahın rəhbərliyi altında uyğun ali məqsədi həyata keçirə bilsin.
Bəşəriyyətin mövcud xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir nəticəyə gəlirik ki, hələ ki insan nəzərdə tutulan kamil məqsədi dərk edəcək düşüncəyə çatmamışdır. Çünki o yarandığı gündən kamil ədalətin tətbiqi üçün zəruri olan iki şərtə malik deyil: Kamil formada ədaləti tanımaq; həqiqəti tanıdıqdan sonra onun həyata keçirilməsi üçün fədakarlıq hazırlığı.
Hətta bəşəriyyət kamil ədaləti tanısa da, hələ ki, bu məqsədə çatmaq üçün praktiki hazırlığa malik deyil. Çünki ən üstün dövrlərdən olan peyğəmbər dövründə də İslam yolunda fədakarlıq məsələsində səhabələrlə problemlər olmuşdur.
Allah-təala səhabələrdən bəzilərinə etirazla buyurmuşdur: “Ey iman gətirənlər! Nə üçün sizə “Allah yolunda cihada doğru hərəkət edin” deyildikdə ağırlaşırsınız?!
Yoxsa axirət əvəzinə dünya həyatı ilə razılaşmısınız?! Hansı ki, dünya həyatı matahı axirətlə müqayisədə cüzidir.” [“Tövbə”, 38.]
Belə bir nəticəyə gəlirik ki, hələ ki, bəşəriyyət ümumdünyəvi bir hökumətin təşkilinə hazır deyil və xilaskarın zühuru üçün şərait yaranmamışdır.
Seyyid Rza Sədr deyir: “Bir gün gələcək ki, bəşəriyyət güclü və agah rəhbərliyin hakimiyyəti altında yaşamaq qabiliyyəti əldə edəcək. Belə bir qabiliyyət onun təkamülündən ibarətdir. Kamilləşməmiş bəşəriyyətin ədalətli hakimiyyət altında yaşamaq ləyaqəti yoxdur. Əslində belə bir toplum ədalətli hakimiyyəti qəbul etmir. Uyğun hakimiyyətin zorla qəbul etdirilməsi yetərsizdir. Zülm-sitəm ədalət üçün nərdivan ola bilməz. Zülmlə qurulan hakimiyyət ədalətli deyil. Onun yalnız adı ədalətli ola bilər. Naqis bəşəriyyət ədalətli hakimiyyəti qəbul etmir. O, belə bir hakimiyyətdən uzaq olmaq istəyir.
Həzrət Əli (ə) buyurmuşdur: “Bu xalq məndən yorulub, mən isə bu xalqdan”. Sonra həzrət ədalətdən qaçan xalqa nifrin edərək buyurmuşdur: “Pərvərdigara, məni onlardan al.” Ədalətli hakimiyyət xalqın razılığı ilə qurulmalıdır. Xalq belə bir hakimiyyətin sorağınca gəzməlidir. Ədalətli hakimiyyət istəyən insanlarda heyvani sifətlər insani sifətlərin kölgəsində qalır.”[19]Rəvayətlərdə isə digər bir nöqtəyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: “Bizim dövlət və hakimiyyətimiz sonuncu dövlət və hakimiyyətdir. Hakimiyyət heç bir ailə üçün əbədi deyil. Yalnız bizdən öncə hakimiyyətə çatıb onu başa çatdıranlar istisnadır. Əgər hakimiyyətdə bizim yolumuzu müşahidə etsələr, deməsinlər ki, əgər biz də hakimiyyətə çatsaydıq, bu sayaq rəhbərlik edərdik. Allah-təalanın “Аqibət pəhrizkarlar üçündür” buyuruğuna işarə olunur.” [“Əl-ğeybət”, s. 472; “Bihar”, c. 52, s. 332.] Əli Əsğər Rizvani