“İnsan və cinn günahları barədə sorğu sual olunmazlar” ayəsindən məqsəd nədir?
“O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! “ (ər-Rəhman 39)
İslaminSesi.info - İslam dininin vacib etiqadi bəhslərindən biri də “Məad” mövzusudur. Məad ölümdən sonra dirilmək (dirilib hesab vermək) mənasındadır. Qurani Kərim ayələrinin böyük əksəriyyəti bu mövzu ətrafındadır. Beləki ayələr ya birbaşa, ya da dolayısı ilə məad mövzusuna toxunur və günahkarları ölümdən sonrakı haqq-hesab günü ilə təhdid edir.
Lakin “ər-Rəhman” surəsində belə bir ayə oxuyuruq: “O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! “ (ər-Rəhman 39)
Ayəni təklikdə götürüb, onun zahiri mənasına baxsaq o zaman Quranın ümümi prinsipləri ilə ziddiyyət yaranır. Halbuki Quranın böyük hissəsi qiyamətdən və haqq-hesabdan bəhs edir.
Böyük müfəssir Əllamə Təbətəbai bu kimi ayələrin açıqlamasında qeyd edir ki, bu kimi mütaşabeh (bənzər) ayələrə zidd mənalı yox, çox mənalı ayələr kimi baxmaq lazımdır. Yəni bu kimi ayələri mənasını möhkəm və tam aşkar olan ayələrlə uyğunlaşdırmaq lazımdır. Həmçinin ayəni eyni kontekstdə olan digər ayələrlə birgə dəyərləndirmək lazımdır.
Həmçinin mərhum Əllamə Təbətəbai ayənin izahında buyurur: Bu ayəni digər bir ayə olan “Allah sürətlə hesab çəkəndir” (Nur-39) ayəsi ilə də uyğunlaşdırmaq olar (Allah elə hesab çəkər ki onların danışmağa belə ehtiyacı olmaz). Qiyamət günü müxtəlif dayanacaq və mərhələləri olan bir gündür, həmən günü insanların ağızlarına möhür vurulacaq, əzalar danışacaq (Yasin-65) və günahkarlar üzlərindən tanınacaq (ər-Rəhman-41). Bəs onlar sorğu sual olunmayacaqlar? Sualının cavabında demək olar ki, bütün əlamətlər onların üzündə aşkar olacaq (ər-Rəhman-41: Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar).”
Qurtubi bu ayənin təfsirində qeyd edir ki: Qeyd olunan bu ayə “Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar” (Qəsəs-78) ayəsi qəbilindəndir. Həmçinin bu ayənin təfsirində İbn Abbasdan və Mücahiddən deyilmiş sözü dəlil gətirir: “Mələklər günahkarlardan sual etməzlər, çünki onlar öz simalarından tanınacaqlar”.
Mərhum Murtəza Mutəhhəri ayənin açıqlamasında deyir: Bu elə bir haqq-hesab olacaq ki, burada təhqiqə ehtiyac olmayacaq. Çünki ayənin davamında “günahkarlar üzlərindən tanınacaqlar” deyə buyurulur.
Qeyd: Ayələrin ayə ilə, ayələrin hədislərlə olan təfsirlərinə və Quranın ümümi mətnlərinə əsasən bütün insanlar qiyamət günü Allah Təala qarşısında hesab verəcəklər. Bu hesab bəzən dillə, bəzən əzaların danışması ilə, bəzən şahid gətirilməklə, bəzən də insanların simasında aşkar olmaqla olacaq.|Yaşar Nuriyev