Yunus peyğəmbərin (ə) həyatından hansı dərsləri çıxarmaq lazımdır?


Həzrət Yunusun (ə) həyatı hər birimiz üçün ibrət dərsi ola bilər. Bəs bu dərslər hansılardır?



1. İnsanları nifrin etməkdə tələsmək olmaz. Hələ ki, hidayət ehtimalı mövcud olar, gərək səbir və mətanətlə mübarizə aparasan. Bir dəfə Məkkə müşriklərinin zülmü Peyğəmbəri (s) o qədər incidir ki, onları nifrin etmək istəyir. Bu zaman belə bir ayə nazil olur: “Belə isə, Rəbbinin hökmünə səbir et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi”. (“Qələm” 48).


2. Bütün günahkar qövmlər arasında ancaq Yunusun (ə) qövmü əzab gəlməzdən əvvəl tövbə etməyə nail olmuşdular. Ona görə də insan hələ ki, fürsəti var, tövbə edib, Allaha tərəf qayıtmalıdır.


3. Yunus (ə) balığın qarnında münacat edərək xilas ola bildi. Qurani-Kərim bu haqda buyurur: “Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)!

O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam».(“Ənbiya” 87). Əslində bu münacat bütün möminlərə aiddir, sadəcə Yunus (ə) peyğəmbər haqqında deyildir.



4. Ariflər deyir ki, Yunusun (ə) balığın qarnında qərar tutması bir növ İlahi mükafat idi. O, burada dənizin qəribəliklərini görmüş və güclü mərifət əldə etmişdi. Bunu Yunusun (ə) meracı adlandırırlar. Həzrət Peyğəmbər (s) səmada merac etmişdir, Yunus (ə) isə balığın qarnında. Ona görə də Həzrət Peyğəmbər (s) buyurardı: “Məni (o cəhətdən ki, Yunus (ə) tərki-əula etdi və balığın qarnında qərar tutdu) ondan üstün hesab etməyin”.

Hər kim həqiqətən Allahı tanıyar, bütün varlığı ilə təqsirkar olduğunu səmimi qəlbdən etiraf edər. Həzrət Yunus (ə) da belə etdi və meracı nəticəsində mənəviyyatın ən yüksək səviyyəsinə çatdı./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter