İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?
Ola bilsin ki, hər bir insan, hər bir mömin özünün doğru yolda olduğunu düşünsün. Lakin bununla belə özünü Əhli-Beytin (ə) “hikmət tərəzisində” yoxlasa onun üçün daha xeyirli olar.
İslaminSesi.info – İnsanlar düşüncə və əqidəsinə görə müxtəlif cürdür. Hətta demək olar ki, düşüncələrin sayı insanların sayı qədərdir. Çünki eyni əqidəyə sahib olmasına baxmayaraq iki insanın düşüncəsi eyni deyildir. Bu düşüncələr yaxın ola bilər, lakin tam eyni olması həqiqətdən uzaqdır.
Bütün bunlara, düşüncələrin coxluğuna və müxtəlifliyinə baxmayaraq hər kəs öz düşüncəsini doğru və həqiqət bilir. Qurani Kərim də hər kəsi öz düşüncə və əqidəsində azad buraxmış, istədiyi yolu seçməkdə və bu düşüncədən qaynaqlanan yolunda ixtiyar sahibi etmişdir:
“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).” (İnsan-3)
Lakin bu ixtiyar onun (insan) haqlı olmasınını əsaslandırmır. Əksinə ixtiyar haqq yolu öz gücünə qazanması üçündür. Necəki Quran buyurur:
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (Mülk-2)
İmam Sadiq (ə) haqq və doğru yolda olanı 3 sifət və xarakterlə bəyan edir. Bu 3 sifət insanın tövbə edib, rəbbinə doğru yol almasının nişanələridir. Ola bilsin ki, hər bir insan, hər bir mömin özünün doğru yolda olduğunu düşünsün. Lakin bununla belə özünü Əhli-Beytin (ə) “hikmət tərəzisində” yoxlasa onun üçün daha xeyirli olar. İmam (ə) buyurub:
“Haqqı bəyan edən (doğru yolda olan) bu 3 sifətlə tanınar:
Baxılsın yoldaşlarına ki, kiminlə yoldaşlıq edir.
Namazlarının keyfiyyətinə və necəliyinə baxılsın.
Namazlarının vaxtına baxılsın.” (Məhasin 1/396)
İmamın (ə) bəyan etdiyi birinci xislət insanın ictimai fəaliyyətə dəlalət edir. İnsanın ətrafında olan insanlar onun necə insan olmasının göstəricisidir. Bu mətləb çox önəmli bir məsələdir. Hətta bu mətləbi araşdırdıqca bir çox məsələlər ortaya çıxır ki, ümümi nəticə insanın kimlərlə əmakdaşlıq etməsi, kimlərlə əylənməsi, kimlərdən elm alması, vaxtını kimlərlə keçirməsi və bu kimi mətləblər ortaya cıxır ki, bütün bunlar ümumilikdə insanın şəxsi keyfiyyətini xarakterizə edir.
İkinci mətləb isə namaza, yəni Rəbbinə baxlılığın göstəricisidir. İnsan namazında keyfiyyət əldə etdikcə paklanır. Paklandıqca haqqa, rəbbinə yaxınlaşır. Rəbbinə yaxın olduqca islah olur.
Üçüncü mətləb yenə də namaz və namaza diqqətdir. Çünki namaz hədislərdə küfrlə imanın ayırıcısı kimi vəsf edilib. Təbii ki, Allah barəsində və namazlara etinasız olan haqq carçısı ola bilməz!/Yaşar Nuruyev