Niyə hədislərdə bəzən yoxsulluq mədh olunur?
Yoxsulluq İslam dininin nəzərində bəyənilməyən və məzəmmət olunan ictimai haldır ki, dinimiz bütün qanunları ilə onu aradan qaldırmağa cəhd edir. Lakin bəzən elə hədislərə rast gəlirik ki, dinimizin məzəmmət etdiyi yoxsulluğu mədh edir. Bəs niyə?
Mömin insan bu dünyaya axirət gözü ilə baxar. Heç vaxt deməz ki, cəhalət elmdən üstündür. Möminin elmi cəhalətinə qalib gələr.
Həzrət Peyğəmbər (s) buyurur: “Mömin üçün yoxsulluq zənginlikdən daha yaxşıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Yoxsulluq mənim iftixar mənbəyimdir və ona görə başqa peyğəmbərlərə fəxr edirəm”. (Tebyan)
Əmirəl-möminin (ə) buyurur: “Yoxsulluq şəhadət kimidir ki, Allah yanında xəzinələri vardır və onu hər kimə istəsə əta edər”.
İmam Cavad (ə) buyurur: “Səbir balışına başını qoy, yoxsulluğu ağuşuna al və şəhvətləri özündən qov”.
Təbiidir ki, rifah içində olan həyat yoxsul həyatdan daha üstündür. Ancaq əgər insanın malik olduğu sərvət onu Allaha itaətsizliyə vadar edərsə və qəflətə salarsa, bu zaman yoxsulluq mədh olunmağa başlayar.
Yoxsul insanın Allaha diqqəti zəngin və rifah içində olan insanın diqqətindən daha çox olar. Ona görə də bu cür yoxsulluq təbiidir ki, qəflətdə olan zənginlikdən daha yaxşıdır.
Bu hədis dediklərimizi aydın şəkildə izah edir.
Bir nəfər İmam Sadiqə (ə) ərz edir ki, Əbuzər belə demişdir: “İnsanlar üç şeyi düşmən bilirlər, mən sevirəm: ölümü, yoxsulluğu və bəlanı”. İmam (ə) buyurur: “Bu cür deyildir, Əbuzərin məqsədi budur: Allah bəndəliyi halında olan ölüm, mənim üçün Allaha itaətsizlik halında olan həyatdan daha sevimlidir. Allah bəndəliyi halında bəla görmək, mənim üçün Allaha itaətsizlik halında olan sağlamlıqdan daha yaxşıdır. Allah bəndəliyi halında yoxsul olmaq, mənim üçün Allaha itaətsizlik halında olan zənginlikdən daha əzizdir”./Deyerler.