Sual: Dövrümüzdə məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?
Cavab: Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var, məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik... (“Əl-Məhdiyyul-muntəzər”, s. 214.)
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilahamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir. (“Tarixi fəlsəfə baxımından Mehdi (ə) inqilabı”, Şəhid Mutəhhəri, s. 57.)
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir. (Həmin mənbə). İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.
3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün İmamı həzrət Mehdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.
4. Əsrin İmamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də, məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.
5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü, ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib həzrətin zühuru üçün zəminə yaradaq.
6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik İmamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum İmamın mövcudluğu zəruridir.
İslam peyğəmbərindən (s) nəql olunmuş rəvayətlərdə oxuyuruq: “Hər kəs öz dövrünün rəhbərini tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.” (“Şərhe-Məqasid”, c.5, s. 239.)
Məhdəviyyət mövzusunda qeyb, qeyb fəlsəfəsi, qeybin təsirləri və bərəkəti, qeyb dövründə İmamın mövcudluğu məsələlərindən danışılır.
Beləcə, məhdəviyyət mövzusu qeyb əsrindən şiələrin vəzifələrindəndir./Nur-az.