Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?
Quran və hədislərimizin nəzərinə görə, Həzrət Mehdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır ki, hamı maddi və mənəvi nemət içərisində qərq olacaqlar. Bəs bu cəmiyyətin ən bariz sifətləri nə olacaqdır?
1. Ədalət. Ədalət elə bir məfhumdur ki, bəşər, tarix boyu onun həsrətində olmuşdur. Hədislərimiz onu ədalətin mücəssiməsi kimi tanıtmışdılar. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.
2. Rifah və rahatlıq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim İmam Zamanın (ə.f) dövründə elə rifah və nemət əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”.
3. Elm inkişaf edəcəkdir. İmam Sadiq (ə) buyurur: “Elm və bilik 27 hərfdir. Peyğəmbərlərin (ə) gətirdiyi onun ancaq 2 hərfidir. İnsanlar indiyə qədər ancaq iki hərf öyrəniblər. Ancaq o zaman ki, bizim Qaim (ə.f) qiyam edəcəkdir, onun başqa 25 hərfini də bayıra çıxardacaqdır və insanlar arasında yayacaqdır. O iki hərfi 25 hərflə birləşdirəcək ki, ümumi 27 hərfi yaysın”. /Deyerler
Bunun kimi hədislər çoxdur və hamısı da onu göstərir ki, İmamın (ə.f) qurduğu cəmiyyətdə elm o qədər inkişaf edəcəkdir ki, insanların ağlı kamala çatacaqdır. İmam Baqir (ə) buyurur: “O zaman ki, bizim Qaim (ə.f) qiyam edəcəkdir, əlini bəndələrinin başına qoyacaqdır. Bu vasitə ilə ağılları cəm olacaq və fikirləri kamil olacaqdır”./Deyerler