İsmət (məsumluq) nə deməkdİr?


İsmətin lüğəvi mənası
«İsmət» lüğətdə ərəbcə «isəm» kəlməsindən götürülüb və maneəçilik yaratmaq, qoruyub-saxlamaq mənasındadır. İzahlı şəkildə belə demək olar ki, bu kəlmə çirkinliklərdən və bəyənilməz əməllərdən qoruyan və çəkindirən mənasını ifadə edir.
Qurani-Kərimdə ismət bir neçə lüğəvi mənalarda işlədilmişdir:
«وَ اللّهُ يَعْصِمُكَ مِنَ النّاسِ». «لا عاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللّهِ».
“Allah səni insanlardan qoruyar.” “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” (Maidə surəsi 67-ci ayə? Hud surəsi, 43-cü ayə)
Bir əməldən çəkindirmək və qorumaq bəzən qarşı tərəfin ixtiyar və azadlığını əlindən alınması ilə mümkündür. Bəzən isə insanın isməti ona elə lazımi zəmin yaradır ki, həmin şəraitdə insan öz ixtiyarı ilə bəyənilməyən əməllərdən çəkinmiş olur.
Başqa bir yerdə isə ismət “qoruyan əməl” mənasında deyil, «qoruyucu vasitə» və ya «qorunmaq səbəbkarı» anlamında işlədilib. Misal üçün, əgər suda boğulan şəxsin nicatı üçün ona bir kəndir atarıqsa və boğulan şəxs həmin kəndirdən tutub nicat taparsa bu zaman deyilir ki, bu ip onun üçün «ismət» vasitəsi oldu. Təfsir alimlərindən bəzisi
«وَ اعْتَصِمُوا بِحَبْلِ اللّهِ جَمِيعاً وَ لا تَفَرَّقُوا»
“Allahın ipindən möhkəm yapışın və heç zaman ayrılmayın” (Ali-İmran surəsi, 103-cü ayə) ayəsini belə təfsir etmişdi. Yəni İlahi ipi özünüz üçün ismət qərar verin.
Tanınmış ərəb əsilli lüğət alimlərindən biri olan İbni Zucac “isməti” “ip” anlamında məna etmişdir. Onun açıqlamasına görə bu kəlmə çox geniş mənalara malikdir. Belə ki, bir şeyin qorunmasına səbəb olan hər hansı bir vasitəyə ismət deyilir.
Bu tərifə əsasən ismətin lüğəvi mənalarından iki nöqtə nəzərə çarpır:
A. Bir kəsin başqasına kömək məqsədi ilə o şəxsin qorunmasına lazımi şərait yaratmaq;
B. Qorunan şəxsin ona bəxş edilən qoruyucu vasitələrindən öz ixtiyarı ilə istifadə etməsi;
Bu məna din baxımından tam dəqiqdir. İmam Əli (ə) buyur-muşdur:
«انّ التّقوى عصمة لك فى حياتك»
“Təqva yaşayışında sənin ismətindir (qoruyucundur)”.

İsmətin terminoloji mənası
Fəlsəfə elmləri baxımından ismət insanın daxili bir qüvvəsidir ki, onu günaha və xətaya düçar olmaqdan saxlayır. Başqa bir yerdə isə ismətin mənası belə açıqlanır.
«العصمةُ لطفٌ يمنع مَن اختص به مِن الخطاء و لا يمنعه على وجه القهر و الاّ لم يكن المعصوم مُثاباً»
İsmət Allah tərəfindən bəxş edilmiş bir lütfdür ki, ona malik olan hər kəs xətadan qorunar. Amma unudulmamalıdır ki, tərəf bu qorunmada məcbur deyildir. Çünki əgər ismət sahibi olan ismətində məcbur olsaydı məsumluq ona fəzilət gətirməz və o məsumluğuna görə mükafatlandırılmazdı.
Məşhur filosoflar deyiblər: “İsmət bir nəfsani qabiliyyətdir ki, insanı (günah etməyə qüdrəti olan halda) suç işləməkdən saxlayar”.

İsmətin necəliyi
Öncəki tərifdən ismətin necəliyi belə anlaşılır:
1. İsmət (qabiliyyətdir), “qabiliyyət” “hal”ın (mövcud vəziyyətin) antonimidir və möhkəm nəfsani sifətdən ibarətdir. Ona nə zaval vardır, nədə ki, o dəyişikliyə məruz qalar. “Hal” isə nəfsani bir sifət olmasına baxmayaraq həmişəlik sabit deyildir. Buna görə ismət insanın nəfsinə aid olan bir sifətdir, daim onu günahlardan saxlayar. Bir halda ki, tərəfin günah etməyə qüdrəti ondan alınmaz;
2. İsmət insanı günah və xətadan uzaqlaşdırar;
3. İnsanın günaha düçar olmamasından məqsəd bəndəliyin hörmətinə ləkə gətirərək Allahın əmrlərini dili, əməli ilə sındırmaqdır. Məsum insan daxilən elə bir sabit vəziyyətdədir ki, Allahla müxalifət dərəsinə yuvarlanmaqdan qorunar və ona günah və səhv etmək icazəsi verilməz;
4. Xəta və səhvdən ismətli olmaq ən azından bu mənayadır ki, məsum insan əgər peyğəmbər olarsa vəhyi qəbul edərkən, onu təbliğ edərkən və bir sözlə, öz ilahi risalətini yerinə yetirərkən yanlışlığa yol verməz. Başqa sözlə desək, bir xəbərin qəbulunda, bəyanında və icrasında haqqa vararaq yanlışlıqdan uzaq olar;
5. Bu daxili güc və nəfsani qabiliyyət elə bir yaradılışda olar ki, ona ləyaqəti olsun. Məsələn, kalkulyator ya kompüter və yaxud heyvanlara demək olmaz ki, elə qabiliyyətə malikdirlər ki, onun vasitəsilə səhv etməzlər. Çünki onlar ixtiyar qüvvəsinin olmamasından dolayı xəta etməzlər. Onlar elə formada quraşdırılıblar ki, xəta və səhvin onların barəsində anlamı yoxdur. Buna görə də ismət əsasən insanın özündə ixtiyarı olan zaman məna tapar;
6. İsmət insanın ixtiyarı ilə birgə olub, ilahi köməyə əsaslanır. Buna görə də ixtiyar və ilahi feyz ismətin əsas bünövrələrindəndir. Bu iki amildən heç biri təklikdə ismətin tam səbəbi ola bilməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter