İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı?


Allah Təala insana çox sayda nemət vermişdir. Bu nemətlərin bəzisi davamlı, bəzisi isə bir müddətdən sonra əldən gedəndir. Ariflərimiz nemətlə bağlı üç mühüm nöqtəni vurğulamışdılar ki, onları bilmək bizim üçün də çox faydalıdır.

1. Nemət – qürb əlamət deyildir. Necə ki, bəla Allahdan uzaqlaşmaq deyildir. Nemət daha çox Allahın bəndələrinə verdiyi imtahan vasitələridir. Bəzən bəla da belə, nemət hesab olunur. İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndəsini sevən zaman onu bəlaya qərq edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Müsibətlər – Allahın bəxşişləridir”.

2. İlahi nemətləri dilə gətirmək nəinki bəyənilməz deyil, hətta əksinə - vacibdir. Hər kim neməti dilinə gətirər, onun şükrünü də yerinə yetirər. “Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)”. (“Zuha” 11).
İmam Sadiq (ə) buyurur: “O şeyi ki, Allah sənə əta etmişdir, ruzi vermişdir, yaxşılıq etmişdir, hidayət etmişdir – dilinə gətir”.

3. Dünya nemətləri ancaq dünyaya məxsusdur. İnsan ölən kimi bu nemətlərin təsiri aradan qalxar. Kamil nemət o nemətdir ki, əbədi olaraq insanla birlikdə olsun. Bu nemət də İlahi rizadan başqası deyildir. Həzrət Peyğəmbər (s) buyurur: “Tam və kamil nemət – behiştə daxil olmaq və atəşdən xilas olmaqdır”. (Həvzəh)

Allah Təala bizləri neməti dərk edənlərdən və onun şükrünü edənlərdən qərar versin./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter