Həzrət Yəsə (ə) kim olmuşdur?
Yəsə ibni Əxtub ibni Əcuz – Bəni-İsrayil peyğəmbərlərinin birinin adıdır ki, İlyas peyğəmbərin (ə) canişini və şagirdi olmuşdur. Tövratda onun adı Yəşə kimi qeyd edilmişdir.
Belə nəql edilir ki, İliya, yəni İlyas (ə) peyğəmbər səfər edən zaman Yəsə ilə rastlaşır ki, o, öz tarlasını becərirdi. Onu öz dininə dəvət edir və Yəsə də ata və anasından icazə alaraq, İliyaya qoşulur.
Tövratın nəql etdiyinə görə, İliya onu xəlifə təyin edir.
Başqa yerdə nəql edilir ki, İlyas bir qul qadının evində qalırdı ki, əri ölmüşdü və oğlu Yəsə ağır bir xəstəlik tutmuşdu. İlyas ona şəfa verir və Yəsə də onun dininə daxil olur. İlyasdan sonra nəbi olur və Bəni-İsrayil onu qəbul edir.
İmam Rza (ə) onun haqqında buyurur: “Yəsə də, İsa (ə) kimi işlər görür. Yəsə də İsa (ə) kimi suyun üzərində yol gedirdi, ölünü dirildirdi. Anadan gəlmə korları və cüzam xəstələrini sağaldırdı”.
Quran onun haqqında buyurur: “Və İsmaili, əl-Yəsəi və Zülkifli yada sal ki, hamısı yaxşılardan idilər”. (“Sad” 48).
“Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik”. (“Ənam” 86).
Qurani-Kərimdə bu peyğəmbərin (ə) canşini ilə bağlı bir ayə yoxdur, ancaq hədislərimizin verdiyi məlumata görə, o, özünə canişin axtaranda deyir ki, mənim canişinim gərək elə insan olsun ki, gündüzləri oruc tutsun və gecələri ibadətlə keçirtsin və ancaq ədalətlə hökm versin. Bu zaman Zülkifl irəli gəlir və bu deyilənlərə razı olduğunu bildirir. Ona görə də Yəsə özündən sonra Zülkifli nəbi təyin edir./Deyerler.