Dünyaya behİşt vəd edən sekulyarİzm nədİr?
Cavab: Müasir anlamada sekulyarizm qərbdə Makiavelli tərəfindən bünövrəsi qoyulmuş bir cərəyandır. O, kilsənin təsiri ilə inansa da ki, siyasətin məqsədi Allahın razılığını qazanmaqdır, daim belə bir sual vermişdir: “Allahı razı salacaq siyasət varmı?” Makiavelli öz sualına özünəməxsus bir cavab tapmışdır: “Allahın razılığı bəndənin razılığında olduğu üçün bəndəni razı salmaq kifayətdir.” Beləcə, özündənrazı alim diqqəti Allahdan yayındırıb, insana yönəltmişdir.
Makiavellinin nəzərincə, insanın dəyəri onun imanı ilə yox, ağlı ilə ölçülməlidir. Avropada kilsənin mühafizəkarlığı, elmə qarşı çıxması sekulyarizm üçün yol açır. Həmin vaxtadək qərbdə dövlətlərin siyasi kursunu müəyyənləşdirən kilsəni dinsiz hökumətlər sıxışdırmağa başlayır. Sekulyarizmə görə insan dini dəyərləri kənara qoyub, yalnız əqlinə və elminə güvənməlidir. Əslində insanlıq və xeyirxahlığın, mənəviyyat və əxlaqın üzərindən qara xətt çəkilirdi. İnsanın ağıl və elminin dəyər ölçüsü seçilməsi sırf cəfəngiyyat olsa da, əksər cəmiyyətlər bu mənanı dərk etməkdə aciz olmuşdur. Axı hamı bilir ki, ən ağıllı və ən elmli insan hələ ən yaxşı insan demək deyil. Ümumiyyətlə, ağıl və biliyin insanın yaxşı pisliyində təyinedici rolu yoxdur.
Sekulyarizm üç əsas xüsusiyyətə malikdir:
−Bu baxışa görə, dindarlıq fərdi bir işdir və cəmiyyətin həyatında heç bir rola malik deyil.
−Sekulyarizm allahçılığı insançılıqla (humanizm) əvəz edir və cəmiyyətdə Allahın razılığı ilə bağlı bütün çərçivələr aradan qaldırılır.
−Cəmiyyəti din mehvərindən məhrum edən bu baxış boşluğu doldurmaq üçün dil, millət, irq kimi ölçülərə üz tutur.
Sekulyarist cəmiyyətdə qanunverici və icraçı orqanlar dinsizləşdirilir, təhsildə din qadağan olunur, dini dəyərlər gerilik amil kimi tanıtdırılır.