Xaç qüslü nədİr?


Cavab: Xaç qüslü məsihiliyin dini ayinlərindən biridir. Onlar iddia edirlər ki, bu ayin Həzrət İsadan qabaq da mövcud olmuşdur. Məsihilərin fikrincə, xaç qüslü verən kəs günahlardan təmizlənir və özünü Allah yolunda xidmətə vəqf edir. Bununla belə, “Qamuse-müqəddəs” kitabının müəllifi yazır ki, həzrət Məsih kimsəyə xaç qüslü verməmişdir.
Xaç qüslü ayininin yerinə yetirilməsi qaydasına münasibətdə məsihilər arasında ixtilaf vardır. Bəzilərinin fikrincə, xaç qüslü verilən şəxs suya batmalıdır. Bəziləri isə bu işin üç dəfə yerinə yetirilməsini zəruri sayırlar. Belə bir fikir də var ki, xaç qüslü günahını keşiş qarşısında etiraf edənlərə aiddir. Ona görə də uşaqlara xaç qüslünün verilməsini düzgün saymırlar. Bəziləri isə uşaqlara xaç qüslü verilməsini, onların xaç suyuna salınmasını vacib bilirlər. Onlar deyirlər ki, uşağa xaç qüslü verərkən suyu onun üstünə səpmək kifayətdir. Suyun uşağın üstünə səpilməsi ruhul-qüds ilə yaxınlığa işarədir. Onlar ata-oğul və ruhul-qüdsün adı ilə bir miqdar su səpilməsini kifayət sayırlar. Demək, əvvəlcədən məsihi olanların xaç qüslü verməsi onların günahdan təmizlənməsi sayılır. Körpələrin və xristianlığı yenicə qəbul edənlərin xaç qüslü verməsi isə onların məsihi ayinlərini qəbul etməsinə bir işarədir.
Bugünki kilsələrdə xaç qüslü eyni qaydada yerinə yetirilir. Keşiş böyük bir qabı su ilə doldurub, ona bir qədər balzam və duz qatır. Sonra camaatın qarşısında qüsl verəcəyi şəxsə xitab edir: “Məsihiliyin Allahı ata, oğul və ruhul qüdsdən ibarət bildiyinə inan: İsa Allah və Allah oğludur, anası Məryəmin bətnində bəşər şəklinə gəlmişdir; o atasının cövhərindən Allah, anasının bətnində insan olmuşdur; o dara çəkildi və üç gün sonra dirildi (qırx gün xalqın arasında oldu) Səmaya qalxdı və atasının sağ tərəfində oturdu. Qətlə yetirilmiş bu Allah qiyamət günü şəhadət verəcək ki, sən iman gətirdin.”
Keşiş bu sözləri dedikdən sonra qüsl verilən şəxs “bəli” deməli və keşiş dərhal sudan götürüb həmin şəxsin üstünə tökməlidir. Keşiş qüsl verən vaxt deyir ki, mən sənə ata, oğul və ruhul-qüds adı ilə qüsl verirəm. Sonra keşiş onun üzünü qurulayır. Bu vaxt qüsl verilən şəxsin günahları bağışlanır, ya da o rəsmi şəkildə məsihi (xristian) olur.
Yeni doğulmuş körpəyə səkkizinci gün xaç qüslü verilir. Ata və ana öz körpəsini kilsəyə gətirir və keşiş yuxarıda qeyd olunmuş sözlərlə körpəyə müraciət edir. Ata və ana körpənin yerinə “bəli” deyərək, razılıq verirlər.
Təəssübdən uzaq olan hər bir şəxs xaç qüslü ayinini diqqətlə nəzərdən keçirsə, onun bir silsilə xürafatdan ibarət olduğunu görər. Xaç qüslü ilə bağlı bəzi iradlarımızı bildirək:
1. Günah ruhi və əxlaqi bir büdrəmədir. Ruhu paka çıxarmadan, həqiqi tövbə etmədən, əxlaqı tərbiyələndirmədən, səmimi qəlbdən Allaha doğru qayıtmadan günahın təsirləri aradan qalxmır. Balzam yağı və duz qatılmış su ilə yuyunmaqla insanın qəlbi və ruhu təmizlənməz. Əgər bir şəxs günahdan peşiman olub, həqiqi tövbə edə bilərsə, bu xürafi ayinlərə yer qalmaz.
İslam ayinləri insanın öz günahına görə peşimanlığını və tövbəsini onun təmizlənməsi kimi qəbul edir və lazım bilmir ki, günahkar şəxs öz sirrini başqalarına açıqlasın. İnsanın günahının təmizlənməsi üçün keşişə heç bir ehtiyac yoxdur.
2. Üçlü Allaha etiqad aşkar bir şirkdir və bu etiqad nəinki insanı paka çıxarmır, hətta həqiqi tövhiddən uzaqlaşdırır. İnsanın etiqadı bu sayaq mövhumatlara əsaslanarsa, o heç vaxt tərbiyələnib nicat tapa bilməz. Əksinə, belə mövhumatlar insanı doğru yoldan azdırır və onu bədbəxt edir. Məsihilərin bu sayaq küfürlü sözləri günahdan paklanma səbəbi bilməsi insanı heyrətə gətirir.
Amma bu araşdırmalar müqəddəs İslam ayinlərinin realistliyini daha da işıqlandırır. İslam dinini qəbul etmək üçün məsihilikdə olan xürafi mərasimlərdən keçmək lazım gəlmir. Dünyanın istənilən bir nöqtəsində, istənilən bir vaxt Allahın birliyini və həzrət Məhəmmədin (s) Peyğəmbərliyini qəbul edən şəxs həqiqi müsəlman olur. Həmin şəxs hüquqi baxımdan digər müsəlmanlardan fərqlənmir. İslamı qəbul etmək üçün cəmiyyətin gözü qarşısında kiminsə təlqinlərini dinləmək, yanlış sözlərini təsdiq etmək lazım gəlmir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter