Qurani-Kərimdə işarə edilən məhmud məqamı nədir?


Qurani-Kərimdə Həzrət Peyğəmbərə (s) xitab edən belə bir ayə vardır ki, buyurur: “Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Qur’an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın”. (“İsra” 79).

Bəs bu ayədə adı çəkilən məhmud məqamı nədir? Adından da göründüyü kimi, bu məqam ali bir məqama işarə edir ki, sitayiş vasitəsilə əldə olunur. Şübhəsiz ki, bu məqam fövqəladə bir məqamdır ki, Həzrət Peyğəmbər (s) onu gecə ibadətləri və səhər duaları sayəsində əldə etmişdir.

Təfsirçilər bu məqam barəsində deyirlər ki, bu məqam Peyğəmbərin (s) kubra şəfaəti deməkdir. İmam Baqirdən (ə) və İmam Sadiqdən (ə) gələn təfsirlərdə oxuyuruq ki, bu ayənin böyük şəfaətə işarə etdiyini buyurmuşdular. Bəzi təfsirçilərin nəzərinə görə, bu, elə məqamdır ki, Allah Təala onu Həzrətə (s) gələcəkdə əta edəcəkdir. Elə bir məqamdır ki, hamının sitayişini özündə cəm edəcəkdir. Çünki faydası hamıya çatacaqdır. (Tebyan)

Bu ehtimal da verilir ki, məhmud məqamı İlahi qürb məqamının son həddidir. Onun təsirlərindən biri kubra şəfaətidir. Baxmayaraq ki, ayə zahirdə Peyğəmbərə (s) xitab edir, ancaq bütün iman əhlinə şamil ola bilər. Belə ki, hər bir imanlı insan əgər İlahi proqrama əməl edirsə və gecə ibadətlərini yerinə yetirirsə, məhmud məqamından ona da pay düşə bilər. İman və əməlinin miqdarı qədərində İlahi qürb məqamına çata bilər. Bunun sayəsində də şəfaətçi ola bilər. Ancaq bu ayənin həqiqi nümunəsi – əlbəttə ki, Peyğəmbərdir (s).



İmam Sadiq (ə) buyurur: “Gecə namazı üzü gözəl, əxlaqı yaxşı, iyi xoş və ruzini çox edər. Borcu əda edər, qəmi aradan gedər, gözlərə cila verər”.
Bu hədisdə işarə edilir ki, gecə namazının insanın ruh və canına birbaşa təsiri vardır.

Ona görə də hər kim məhmud məqamına çatmaq istəyirsə, gərək bu ibadətə xüsusi diqqət göstərsin./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter