“Allaha yardım edin” ayəsində məqsəd nədir?


“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd-7)

İslaminSesi.info- Allah Təala barəsində etiqad və əqidəmiz budur ki, Allah yeganədir, misli yoxdur ki Onu nəyəsə bənzədək. O qüdrət və qüvvət sahibidir. Hətta bütün qudrətlilərin qudrəti Ondandır. Bəs bu ayədəki “ Əgər Allaha yardım etsəniz” ifadəsindən məqsəd nədir?

Qurani Kərim ayələri, hətta yüksək idrakla deyilmiş peyğəmbər (ə) və İmam (ə) kəlamları belə təfəkkür və dərin düşüncə istəyir. Bu kimi kəlamlar təkcə tərcümə ilə kifayət etmir. Öz ardıyca düşüncə və təhlil istəyir.

Bu səbəbdəndir ki, tərcümə ilə kifayətlənən bəziləri ayələrdən irad tutmağa çalışır. Hətta bu ayəni əldə bayraq edib nöqsan axtarırlar. Əllamə Məhəmməd Hüseyn Təbatəbai bu ayənin təfsirində (açıqlamasında) buyurur:

“Bu ayə möminləri Allah yolunda mübarizəyə təhrik edir və onlara kömək, qələbə vədə verir. “ Allaha köməkdən “ məqsəd Allah yolunda cihad və mübarizədir. Həmçinin məqsəd Allah dininin və haqq kəlmənin ucaldılmasıdır. Cihadda məqsəd təkcə o deyil ki, döyüşüb şücaət və hünər göstərəsən, qənimətlər əldə edəsən. (Məqsəd Allahın dinini və haqq kəlmə olan la ilahə illəllahı yayasan).

Həmçinin “Allah da sizə yardım edər” ayəsindən məqsəd Allah sizin üçün qələbə təmin edər deməkdir. İmanın laziməsi və şərtlərindəndir ki, insan Allah dininin yayılması və genişlənməsi üçün əməli fəaliyyət göstərsin. Allah dini yolunda (hər növ) cihad da bu göstəricilərdəndir. Hər kim öz fikri, dili, əməli ilə Allah dininə yardım etsə, Mütəal Allah da ona yardım edər. Allahın xeyir-bərəkətini almaq insan səyindən asılıdır”. (Təfsiri Mizan. C-18. S-346) (Təfsiri Nur. C-9. S-67) / Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter