Səhih hədisi qeyri-səhih hədisdən necə fərqləndirmək olar?
Peyğəmbərin (s) dövründən başlayaraq saxta hədis qondaranların mövcudluğunu nəzərə almaqla, səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün bir sıra meyarlara ehtiyac duyulur. Həmin meyarlardan bəzilərini aşağıda qeyd edirik:
1. Quranla uyğunluq – İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: “Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın”.[1]
2. Məsumların buyuruqları ilə uyğunluq – Həsən ibn Cəhm deyib: (İmam) Rzaya (ə) dedim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. (Həzrət) buyurdu: “Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil”.[2]
3. Ağıla uyğunluq – Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər sizə məndən bir hədis yetişsə, Allahın kitabı ilə müqayisə edib, onu ağlınızın hökmünə verin. Əgər kitab və ağıla uyğundursa, qəbul edin, uyğun deyilsə, divara çırpın”.[3]
[1] Kafi, c.1, səh.69
[2] Vəsailuş-şiə, c.27, səh.121
[3] Şərhi-Üsuli-kafi, c.2, səh.343