İsa Allahın oğludurmu?
Cavab: Bu sual allahşünaslıq mövzusunda İslam məntiqindən xəbərdar olanlar üçün təəccüblü görünə bilər. Amma qeyri-islami mühitdə, adətən, məsihilərlə təmasda olanlar üçün “Üç Üqnum”, yəni ata Allah, oğul Allah, Ruhul-qüds məsələsi sual olaraq qalır. Adətən, ata və oğul Allah haqqında danışılır. Qeyri-islami mühitdə bu mövzu ilə bağlı suallar təbiidir. Suala cavab vermək üçün əvvəlcə müsəlmanların “Allah” dedikdə nə başa düşdüklərini aydınlaşdırmalıyıq. İslam üsulundan xəbərdar olanlar yaxşı bilirlər ki, Allah bütün kamal sifətlərinin mənbəyidir və onda heç bir eyb, möhtaclıq, məhdudiyyət yoxdur. Varlıq aləmindəki bütün mövcudları Allah yaratmışdır və o heç bir mövcuda möhtac deyil.
Aydın məsələdir ki, Allah kimsəyə ehtiyac duymaz, onun zehni və xarici üzvləri olmaz, nə doğular, nə də doğar. Beləcə, gözlə görünməz, zövcə sahibi olmaz, zamanla və məkanla məhdudlaşmaz. Çünki bu sayaq sifətlər Allahın məqamını aşağı salar və Onu öz yaratdığı məxluqlara oxşadar. Məsələn, əgər Allah-təala yaratdığı maddi mövcudlar kimi mürəkkəb tərkibə malik olmuş olsa, Onun varlığı tərkibindəki hissələrə ehtiyaclı olar. Məsələn, su oksigen və hidrogen atomlarından təşkil olunmuşdur. Onun varlığı bu iki ünsürün varlığına ehtiyaclıdır. Oksigen və hidrogen olmadan suyun yaranması qeyri-mümkündür. Allah isə mürəkkəb yox, bəsit varlıqdır. Varlıq aləminin yaradıcısı, aləmlərin rəbbi mürəkkəb ola bilməz.
Demək, məsihilər İsanı Allahın oğlu bilməklə Allahı öz ilahilik məqamından endirirlər, belə bir sifət yaranmışlara xas ola bilər.
Allahın tərkibi olmayan varlıqdan nə isə ayrılıb, insan şəklinə necə düşə bilər?! Axı İsa da başqa insanlar kimi maddi varlıqdır. Necə ola bilər ki, Allah onu Öz oğlu və Özünü onun atası adlandırsın?!
Rütbəli məsihilər İsanın Allahın oğlu olması fikrinin əql və elmlə uyuşmadığını gördükləri üçün məcbur qalaraq, dedikləri sözü, yəni İsanın Allah oğlu olmasını başqa cür yozmağa çalışırlar. Onların uyğun yozumlarına nəzər salaq:
1. İsanın yaradılışı adi qaydada olmadığından, o, dünyaya atasız gəldiyindən, eləcə də, onun həyatı bir çox möcüzələr və qeyri-adi hadisələrlə müşayiət olunduğundan İsanın Allahın zühur yeri, təcəlla aynası hesab etmişlər. Guya bu səbəbə görə Allah onu öz oğlu adlandırmışdır. Bəzən də deyirlər ki, Allah-təala İsanı fövqəladə sevdiyindən onu öz oğlu kimi təqdim etmişdir.
Bu yozuma qarşı iki irad var:
a) “Əhde-cədidin” ayələrində aşkar şəkildə bildirilir: “Zaman tamam olduqda Allah qadından doğulmuş oğlunu göndərdi”. Eləcə də, məsihilər ümumi etiqad mənbələrində bildirirlər ki, onlar vahid ata Allaha, mütləq qüdrət sahibinə, görünən və görünməyən bütün şeylərin xaliqinə, İsa məsihə, Allahın oğluna, atadan doğulana, ata zatından yeganə doğulmuşa inanırlar. Onlar deyirlər: “Allah Allahdan, nur nurdan, həqiqi Allah həqiqi Allahdan, atası ilə eyni zatda olan məxluq yox, doğulmuş...” bu iki fikir bir-biri ilə qətiyyən uyuşmur. Çünki əvvəlki baxışa görə, İsa məsih Allahın oğludur. Nur nurdan ayrıldığı kimi, İsa da Allahdan ayrılmış və Məryəmin bətnində qərar tutmuşdur. Sonra isə dünyaya qədəm qoyaraq xalqın hidayəti və səadəti yolunda çalışmışdır.
b) Əgər İsanın Allahın oğlu sayılması üçün atasız yaranışı, həyatının müxtəlif möcüzələrlə müşayiət olunması, bu şəxsdən fövqəladə işlərin baş verməsi kifayət sayılarsa, onda İsadan başqaları da Allahın oğlu sayılmalıdır. Çünki həzrət Adəm ata-anasız dünyaya gəlmiş, İbrahim, Musa, Nuh və bir çox digər Peyğəmbərlərin möcüzələri olmuşdur. Allah oğlu sayılması üçün əsas ola bilərmi?!
2. Başqa bir yozumda “Allah İsanın vücudunda təcəlla etmişdir” deyə onu Allah sayırlar. Guya hərarət özünü suda göstərdiyi kimi, Allah da özünü İsanın vücudunda göstərmişdir. Bu yozumla iradlardan yaxa qurtarmaq olmaz. Belə bir yozum çuxurdan çıxıb, uçuruma yuvarlanmaq kimidir. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, Allah cism deyil və zaman-məkana sığmır. Zaman və məkan baxımından qeyri-məhdud olan bir varlıq insan bədənində aşkarlana bilərmi?! Axı İsa da başqaları kimi bir insandır və hamı kimi yeyir-içir, yatır, yeriyir...
Axı sonsuz olmayan okean da kasaya yerləşə bilməz. Bəs necə ola bilər ki, qeyri-məhdud olan bir vücud İsa kimi məhdud bir vücuda sığışa?! İsanın Allahın oğlu olması əqli və məntiqi olmamaqla yanaşı, Allahın yeməməsi, yatmamasını təəccüblə qarşılayan avam adamda da suallar doğurur.
Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni