Möminlər arasında münasibət necə olmalıdır?
İslam peyğəmbəri (s) buyurub: “Mömin möminin güzgüsüdür.” (“Bihar”, c. 71, s. 270.)
Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək.
Güzgü kimi hər şeyi olduğu kimi, böyüdüb kiçiltmədən göstərək.
Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox.
Sevirəm ki, dostlar bir ayna kimi.
Hər zaman üzümə deyə eybimi.
Min dilli daraq tək gəzib xəlvəti,
Nə pisdir edələr tük-tük qeybəti.
Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək
Güzgü kimi özümüzü toz-torpaqdan qoruyaq.
Eyb göstərdiyi üçün güzgünü sındırmazlar. Eybini deyəni də incitmə.
Güzgünü sındıranda onun qırığı da hər şeyi olduğu kimi göstərir. Min bir əzab görmüş mömin də yalnız həqiqəti deyir.
Güzgü saf olduğu üçün eybi göstərir. Mömin də kin və həsədə görə yox, saflığına görə tənqid etməlidir.
Güzgü göstərdiyi eybi özündə saxlamadığı kimi, mömin də üzbəüz dediyi eybi yadından çıxarmalıdır.
Güzgüyə ötəri baxan eybini görə bilmədiyi kimi, mömin də diqqətlə dinləməyən eybindən xəbərsiz qalar.