VƏHDƏT NƏDİR?


İrad tutanın “vəhdət” sözünə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, öncə bu sözün həqiqi anlamını aydınlaşdırmağı zəruri hesab edirik.

Burada iki mühüm termin bir-biri ilə yanaşı nəzərə alınmalı və heç biri digərinə qurban verilməməlidir; biri müsəlmanların vəhdəti, birliyi, digəri isə İslam dininin bir din olaraq qorunması.

Şübhəsiz ki, bu əsl dini qoruyub saxlamaq və onu təbliğ etmək hər bir müsəlmanın vəzifəsidir. Elə buna görə də bu məsələdə hamı məsuliyyət daşıyır. Müsəlmanlar, İslam və müsəlmanları məhv etmək istəyən düşmənlər qarşısında birləşərək İslam və müsəlmanların varlığını qorumalıdırlar.

Lakin bu heç də məsələnin digər tərəfini unudaraq, İslamın danılmaz həqiqətlərini bəyan etməkdən boyun qaçırmalı olduqları demək deyil. Biz heç bir zaman vəhdət məsələsini başlıca məqsəd kimi önə çəkərək, şəriət həqiqətlərini əsassız şəkildə ona qurban verməməliyik. Əksinə, İslamın müsəlmanlar arasında birliyə diqqət yetirməsi dinin toxunulmazlığı və təhlükəsizliyi istiqamətindədir. Belə olan halda necə ola bilər ki, “vəhdət” məsələsi bir çoxları üçün daha əhəmiyyətli mövzuya çevrilir. Belə ki, din və məzhəbin bir sıra danılmaz reallıqlarına göz yumaraq məsələni yersiz və məntiqsiz şəkildə izah etməyə çalışırlar.

Tarix və Peyğəmbərin keçdiyi həyat yolu bu məsələnin ən gözəl şahidi və təsdiqləyicisidir. İslam Peyğəmbəri (s) bilirdi ki, Bəni-Üməyyə Əli (ə) və Bəni- Haşimlə bir araya gəlməyəcək və bir çoxları İmam Əlinin (ə) vilayətinə boyun əyməyəcək və onun İmamlığını qəbul etməyəcəklər. Bununla yanaşı bu məsələ Peyğəmbərin (s) həqiqəti çatdırmaq fikrindən dönməsinə və hәzrәt Əlinin (ə) İmamət və vilayətini bəyan etməməsinə səbəb olmadı. O, özünün 23 il peyğəmbərlik dövrü boyunca, hər yerdə mümkün olduğu qədər hәzrәt Əlinin (ə) vilayət və İmamətini xalqa çatdırdı. Halbuki, Peyğəmbər (s) öz vəfatından sonra bu məsələ ilə bağlı ixtilaf düşəcəyini və bu ixtilafın İmam Zamanın (ə) zühuruna qədər davam edəcəyini bilirdi. Ancaq bütün bunlara baxmayaraq, həqiqəti deməkdən boyun qaçırmadı.

Bəli, Peyğəmbər (s) İmam Əlinin (ə) İmamlığı barəsində qiyamət gününə qədər fikir ayrılığının davam edəşəyini tam yəqinliklə bilir, lakin yenə də hәzrәt Əlinin (ə) vilayətini bu cür təkidlə vurğulayır. Belə ki, hətta \"Qədir\" günü ürəklərdən hər növ şübhəni silmək məqsədi ilə o həzrətin әlini yuxarı qaldırır və bununla onun vilayətinə hədsiz önəm verdiyini xalqa çatdırmaq istəyir.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, həqiqəti xalqa çatdırmaq başlıca prinsip kimi götürülür və heç bir şəraitdə, hətta onu bəyan etmək müsəlmanlar arasında ixtilafa səbəb olacaqsa belə, ona göz yummaq olmaz. Ancaq bu heç də o demək deyil ki, müsəlmanlar bir-birinin canına düşərək özlərini məhv etsinlər. Əksinə, müştərək düşmənlərini unutmamaq şərtilə, öz müddəalarını bəyan etməklə qarşılıqlı anlaşma yolu ila bir-birlərini doğru və haqq sözü qəbul etməyə dəvət etsinlər. İmam Hüseynin (ə) qiyamı da müddəamızın düzgünlüyünü bir daha təsdiqləyir. Çünki, o həzrət (ə) onun bu hərəkatının müsəlmanların arasında çaxnaşmaya səbəb olmasını bilməsi ilə yanaşı, eyni zamanda heç vaxt müsəlmanların birliyinə xatir, “əl-əmru bil-məruf vən-nəhy ənil-munkər” (fəzilətə dəvət edib qəbahətlərdən çəkindirmək) kimi əhəmiyyətli prinsipdən əl çəkmədi. İmam Əlinin (ə) rəftarı və həyat tərzi də öz növbəsində bu məsələyə misal göstərilə bilər. Çünki, bəzilərinin fikrincə, İmam (ə) Təlhə, Zübeyr və Müaviyəyə yersiz üstünlük verməklə, Cəməl və Siffeyn döyüşünün qarşısını ala və bununla da minlərlə müsəlmanın ölümünə səbəb olan qalmaqala son qoya bilərdi.

Lakin o həzrət (ə) İslam Peyğəmbərinin (s) haqq-ədalət və İslam şəriətinin qorunması məqsədi ilə həqiqətlərə göz yuma bilərdi.

Deməli, “vəhdət” – və ya birlik - anlayışının düzgün mənası öz əsas əqidələrini qorumaq şərtilə ortaq düşmən qarşısında eyni mövqedən çıxış etmək deməkdir. Bu isə bizi sırf elmi və təssübkeşlikdən uzaq diskussiyalara sövq edir. Çünki əslində bütün bunlar İslam şəriətinin qorunması məqsədini daşıyır.

Məhz bu səbəbdən İmam Əli (ə) Siffeyn döyüşünün qızğın yerində namazın vaxtını soruşur. O həzrətdən (ə) təəccüblə: “İndi müharibənin qızğın anında namazın yeridirmi?” – deyə soruşduqda buyurur: \"Biz namazı (xalq arasında) bərpa etmək üçün savaşmırıqmı? Buna görə də heç bir zaman məqsəd vasitələrə qurban verilməməlidir.

Misirin əl-Əzhər universitetinin rektor müavini və \"Məzhəblərarası danışıq komitəsi\"nin sədri, Şeyx Məhəmməd Aşur tam məntiqi bir fikir irəli sürərək deyir:

“İslam məzhəblərinin yaxınlaşması, ortaq mövqeyə gəlməsi, bir məzhəbdən üz çevirib digər məzhəbə tapınmaq və bütün məzhəbləri vahid məzhəb altında birləşdirmək demək deyil. Bu məzhəblərarası barışıq ideyasını yanlış səmtə istiqamətləndirməkdir. Məzhəblərin ümumi razılığa gəlməsi elmi müzakirələr əsasında olmalıdır. Xurafatla mübarizəyə yalnız bu yolla - elm silahı ilə qalxmaq olar. Eləcə də hər bir məzhəbin elm adamları elmi diskussiyalar zamanı öz biliklərini qarşıya qoymalı, bununla da tam sağlam, şəffaf bir ortamda bilik və düzgün seçimə əsaslanaraq nəticə çıxarmalıdırlar\" .

Hər bir məzhəbin müştərək cəhətlərə diqqət yetirməsi, daha çox həmkarlığa zəmin yaradacaq, müştərək olmayan cəhətlərə diqqət yetirməsi isə haqqı üzə çıxarmaq və digərlərinin görüşlərini bəyan etmək üçün elmi tədqiqat işlərində daha çox səy göstərmələrinə səbəb olacaqdır. “Əhli-beyt (ə) vilayətinə tapınmaq” şüarına qapılaraq, Allah və Peyğəmbərə (s) şəhadət verməyin fiqhi nəticələrini inkar etməyin düzgün olmadığı kimi, “İslamda məzhəblərarası vəhdət” şüarı və təəssübdən uzaq olmaq adı ilə imanın şərtlərində müştərək olmayan cəhətlərə və onların nəticələrinə göz yummaq da düzgün deyildir.

Təəssübdən qaçmaq həqiqətlərə göz yummaq demək deyil. Onun mə`nası tədqiqat və elmi müzakirələrdə, elmə müvafiq ideoloji əsasların əsasını qoymaqdır. Bu nəzəri sistemin nəticəsində isə müxtəlif məzhəblərin bir-biri ilə rəftarı sağlam və normal səmtə doğru yönələcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter