Həzrət Əlinin (ə) “xoş onun halına” dediyi müsəlman hansı əxlaqi cəhətinə görədir?


“Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman-18).

İslaminSesi.info- Öz gözündə tiri görməyən başqalarının gözündə çöp axtarır deyib müdrük atalarımız. Eyib və xəta Adəm övladının qaçılmaz xüsusiyyətlərindəndir. Təbii ki, ümumi mənadə. Bəzi xüsusi insanlar vardır ki, ona Rəhman Allahın xass inayəti nəsib olur. Onlar nəinki günah, xəta belə etməzlər. Belə insanlar Allah tərəfindən seçilmiş, cəmiyyət üçün yaşayan insanlardır. Quranda bu seçilmış insanlara işarə edilərək buyurulur:

Mən də (Şeytan) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq (muxləs) bəndələrindən başqa!\' (Hicr-42-43).

Düzgün əqlə və təfəkkürə məxsus insanlar daima özləri ilə məşğul olur, öz eyib və nöqsanlarını aradan qaldırmağa çalışırlar.

Həzrəti Əli (ə) bu mətləbə əhəmiyyət verərək buyurur:
“Xoş o kəsin halına ki, onu başqalarının eybi yox öz eybi məşğul edir” (Nizamul-Hikmət-8. Səh-320).

Başqalarında eyib axtarmaq insanı özündən qəflətə salır. İnsana özünü unutdurur. Yəni insan öz eyiblərini unudur. Bu vəziyyət davam edərsə nəticədə insanda təkəbbür yaranır. Təkəbbürün əsl mənası insanın özünü olduğundan artıq görməsidir. Bu da imsanın mənəvi yoxsulluğu deməkdir. Başqalarında eyib axtaran, öz eybini götməyən, özündən razı olub, özünü bəyənənə Quranda belə buyurulur:

“Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman-18)./Y.Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter