Həzrət Abbasın (ə) həyat yoldaşı kim olub?


Həzrət Əbülfəzil Abbas Ləbabə adlı bir xanımla evlənmişdi. Ləbabə, Peyğəmbərin (s) əmisi oğlu Ubeydullah ibni Abbasın qızı idi. Anasının adı isə Ummi Həkim Cuyirə idi. Hər ikisi həm imanlı və həm fəzilətli insanlar idilər. Ləbabə xanımın özü də həm valideynləri və həm də Abbasın (ə) evində aldığı tərbiyə sayəsində fəzilət əhlindən hesab edilirdi.

Həzrət 20 yaşında ailə qurmuşdur. Bu evlilikdən iki oğlu dünyaya gəlmişdir. Birinin adı Ubeydullah və o birisinin adı isə Fəzl idi. Bəzi tarixi mənbələrdə daha iki oğlu Muhəmməd və Qasimdən də bəhs edilir. Bəzi mənbələrə görə Muhəmməd adlı oğlu Kərbəlada şəhid olmuşdur. Ancaq bəzi mənbələr də onun heç bir oğlunun Kərbəlada iştirak etmədiyini vurğulayır. Həyat yoldaşının da Kərbəlada olmasına dair heç bir mənbə yoxdur. Onun adı Kərbəla əsirləri içində də çəkilməmişdir.

Tarixi mənbələrə əsasən Ləbabə həyat yoldaşının şəhadətindən sonra İmam Həsənin (ə) oğlanlarından biri olan Zeydlə nikah bağlayır. Bu evlilikdən Nəfisə adlı bir qız dünyaya gəlir. Bəzi mənbələr isə Həsən adlı bir oğlunun da dünyaya gəldiyini zikr edirlər.

Tarixi mənbələrə görə Ubeydullah ibni Abbas ki, künyəsi Əbu Muhəmməd idi, çox şücaətli, səxavətli və əliaçıq bir insan idi. Ubeydullahın övladlarından biri Əbu Muhəmməd Həsən Əkbər idi. İslamın böyük alimlərindən və hədis yazanlarından idi. Onun 8 oğlu olmuşdur ki, müxtəlif yerlərdə: Hicazda, Misirdə, Farsda, Bağdadda, Bəsrədə, Şamda, Səmərqənddə və Yəməndə yaşayırdılar. Ona görə də bu Həzrətin müxtəlif şəhərlərdə övladları olmuşdur. Onların bir çoxu siyasi, elmi və dini sahədə görkəmli şəxsiyyətlər olmuşdular.
Tarixi mənbələrə əsasən, Ubeydullah 55 yaşında dünyasını dəyişmişdir. Ancaq Ləbabə xanımın vəfatı haqqında məlumat yoxdur./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter