Din sevgidən və nifrətdən başqa bir şey deyil - İmam Sadiq... Yəni?
Fuzeyl ibn Yəsar Həzrəti İmam Sadiq (ə)dan soruşur: Sevgi və nifrət imandandırmı? İmam (ə) cavab verir: Məgər iman sevgi və nifrətdən başqa bir şeydirmi?. Bu nə deməkdir?
İslaminSesi.info - Rəvayətdə deyilir ki, Bir gün Fuzeyl ibn Yəsar Həzrəti İmam Sadiq (ə)dan soruşur: Sevgi və nifrət imandandırmı? İmam (ə) cavab verir: Məgər iman sevgi və nifrətdən başqa bir şeydirmi? (Bihar-69.Səh-341).
Yaxud İmam Sadiq (ə)dan başqa bir hədisdə qeyd olunur: Bir kəsin dində dostu və düşməni olmasa, onun dini olmaz ( Bihar-69. Səh-250).
Hədislərin zahirinə nəzər edəndə ola bilsin ki, anlaşılmazlıq yaransın. Amma diqqət etdikdə bunu İmamın (ə) bizə olan tövsiyyəsi kimi də dəyərləndirmək olar. Yəni insanın daxilində elə bir cazibə və dafiə hissi yaranmalıdır ki, bu hisslərlə öz dinini qoruya bilsin.
Cazibə hissi insanın Rəbbinə, dininə bağlılığıdır. Qəlbində iman hissi formalaşan hər bir iman əhli Allah Təalanın bütün yaratdıqlarına da diqqətli olmalı, onlara məhəbbət göstərməlidir. Hər bir varlığda Allahın qüdrət nişanələrini görüb, onları öz imanı ilə sevməlidir. Xüsusən də insanlara qarşı diqqətli və nəzakətli olmalıdır. Daxilində olan iman cazibəsi ilə möminlərlə bir bədən kimi olmalıdır ki, onların çəkdiyi əziyyətləri hiss edə bilsin. Necə ki, Allah Rəsulu (s) buyurub: Mömünlər müxtəlif bədənlərdə olan bir can kimidirlər.
İmamın (ə) işarə etdiyi digər bir önəmli məsələ isə insanın daxılındə dafiə hissinin (dəf etmək) formalaşmasıdır. Əgər bu hiss olmasa insan nə özünü, nə dinini, nə də vətənini qoruya bilməz. Dafiə hissi heç də zülm demək deyildir. Əksinə insanda zəruru məsələlərdəndir. Necə ki, birinin yanında onun ən əziz adamı üçün nalayiq söz deyildikdə kəskin reaksiya bildirir, iman barəsində də bu cürdür. İmanı onu öz dininə bağlamalıdır. Bu bağlılığla həm diini sevməli, həm də qorumağı bacarmalıdır. Qurani Kərim möminlərin Allaha və Peyğəmbərə (s) olan bağlılığını, öz dinini sevib, qorumasını bir vəzifə olaraq bildirib və buyurub:
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə-54).
Həqiqətən İmamın(ə) buyurduğu kimi insanda bu iki müqəddəs hiss: cazibə və dafiə hissi olmalıdır ki, özünü, ailəsini, yaxınlarını, dinini, vətənini həm sevə bilsin, həmdə qoruya bilsin./Y.Nuriyev