Hidayət kitabı olan Quranla insan necə zəlalətə düşür?
Qurani-Kərim Allah Təalanın bəşərin hidayəti üçün göndərdiyi kitabdır. Kitab bütünlüklə bəşərin hidayətinə xidmət edir
Quran demək olarkı əqidəvi, əxlaqı, tarıxı, şərii, elmi və bu kimi zəngin biliklərlə dolu bir kitabdır. Təbii ki, bu biliklər və elmi sirlər rəbbimizin bizə olan bir rəhməti və bərəkətidir. Lakin Allah Təala bu kitabın zəlalətə salan olduğunu da buyurur. Bu bir çoxlarını təəccübləndirir. İnsanı bu barədə düşünməyə vadar edir.
Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir. ( Bəqərə-26)
Allah-Təalə insanın hidayətini təkcə Quranla qərar verməyib. Müsəlman, mömin öz nicatını həm Quranla, həm peyğəmbər (s) sünnəsinə müraciət etməklə, həm kimsəyə nəsib olmayan İmamət elminə ( İmamlara) və öz elmini bu kəslərdən (ə) alan alim və elm əhlinə müraciət etməklə axtarmalıdır. Quran ayələri elm və sirlərlə doludur. İlahi vəhy nurundan nəsibi olmayan heç bir kəs ayələrin mana dərinliyinə “dala” bilməz. Çünki ayələr sirr üstə sirrlə doludur. Hər kim öz düşüncə və rəyinə əsasən Qurana məna versə zəlalətə düçar olar. Necəki zəmanəmizdə buna şahid oluruq. Bəzi şəxslər varki “ Allahın əli onların üzərindədir” kimi ayələri olduğu kimi qəbul edərək Sübhan olan Allaha əzalar və forma nisbət verirlər. Halbu ki, hədislərimiz burda məqsədin qüdrət və rəhmət olduğunu bizə çatdırır. Allah Təala bu məsələni diqqətə çatdıraraq buyurur:
(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: \' Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır\', - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. ( Ali-İmran-7).
İmam Əli (ə) buyurur: Qurana öz rəyiniz əsasında təfsir verməkdən çəkinin. Onu anlamaqda alimlərə müraciət edin. Nazil olmuş çox ayə vardır ki, insan kəliməsinə bənzəyir. Ancaq Allah kəlamıdır. Onun açılışı və təvili (sirri) insan kəliməsinə bənzəməz.Necəki Allahın məxluqu Onun özünə bənzəməz. Allahın işi məxluqun işi ilə bir olmdığı kimi sözü də eyni olmaz. Elə isə Allah Təalanın sözünü məxluqun sözü ilə bir tutub, özündən oxşarlıq vermə ki, həlakətə və zəlalətə duçar olarsan. (Ət-tohid. Səh-265).
Ayə və hədislərdən məlum olur ki, Qurani Kərim deyil, insan özü özünü zəlalətə salar./Y. Nuriyev