Süleym ibn Qeysin kitabı etibarlı sayılırmı?
Süleym ibn Qeys Hilali Kufi hicrətin ilk əsrində yaşamış tabiindəndir (yəni Peyğəmbəri (s) görməmiş, amma səhabələrlə görüşmüş şəxslərdəndir). Süleym hicrətdən 2 il əvvəl doğulmuş, Peyğəmbərin (s) vəfatından 5 il sonra Mədinəyə gəlmişdir. O, Əhli-beytin tərəfdarlarından biri kimi tanınırdı və 5 İmamın (İmam Əlidən (ə) İmam Baqirə (ə) kimi) xidmətində olmuşdu. Hicrətin 76-cı ilində İraq valisi Həccacın əlindən İran ərazisinə qaçmış və orada vəfat etmişdi.
Süleym ibn Qeys İmamət mövzusunda məşhur bir kitabın müəllifidir. Bu kitabda o, Peyğəmbər (s) zamanında və o həzrətin vəfatından sonra baş vermiş hadisələrə aydınlıq gətirmişdir. Süleymin kitabı şiə (cəfəri) məzəhəbinin tarixində qələmə alınmış ilk kitab sayılır. Bunu həm şiə alimləri, həm də bir neşə əhli-sünni alimi təsdiq etmişdir.
Süleym ibn Qeysin kitabına münasibət birmənalı deyildir. Bu kitabın mötəbərliyi barədə İmamlardan bir neçə hədis vardır. Məşhur alimlərdən Nömani, Mir Hamid Hüseyn Hindi, Mirzayi-Qumi, Əllamə Məclisi, Hürr Amili, Ayətullah Mərəşi Nəcəfi, Seyyid Həsən Sədr və başqaları bu kitabı etibarlı saymış və yüksək dəyərləndirmişlər. Lakin Şeyx Müfid, Əllamə Hilli, İbn Davud Hilli, Ğəzairi kimi alimlər kitabın Süleymə aidliyini şübhə altına almış və möhtəviyyatına şübhə ilə yanaşmışlar.
Süleym ibn Qeysin kitabı bir neçə dilə, o cümlədən, azərbaycan dilinə tərcümə edilərək çap olunmuşdur./az.islam.