Dünya və axİrətİm üçün faydalı bİr nəsİhət
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Nəsihət istəkli məktubunuz çatdı. Möminin mömin boynunda nəsihət haqqı olduğunu nəzərə alaraq, aşağıdakı qeydləri təqdim edirəm.
«Öyüd və nəsihət möminlər üçün faydalıdır» (Zariyat-55) ayəsinə əsasən nəsihətlərimizin faydalı olacağına ümidliyik.
İstər özüm üçün, istərsə də siz və bütün mömin bacı və qardaşlar üçün ən yaxşı nəsihət təqva və pəhrizkarlıqdır. İmam Baqir (ə) buyurur: «Həqiqətən bir müsəlmanın digər bir müsəlmana verdiyi ən yaxşı öyüd pəhrizkarlıqdır.»
Qiymətli cavanlıq nemətinin qədrini bilin. Allahın bəxş etdiyi bacarıq və fürsəti qənimət sayın. Bu dövrün təravətindən gözəl şəkildə istifadə edin. Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində «nə qədər ki, qocalıq gəlməyib, cavanlığı qənimət bil» deyə buyurur.
Çalışın ki, cavanlıq dövründə qəzəb, şəhvət və nəfs istəklərini ram etməklə özünüzə ağa olun. Bu dövr çalışmaq, özünü düzəltmək, istedadların aşkarlanması, kamillik dərəcələrinin fəthi üçün münasib fürsətdir. Heyvani meyllərin güclənməsi də bu dövrə təsadüf edir. Bu dövr ya səadət, behişt, ya da bədbəxtlik və əbədi əzab dövrüdür. Zəhmətlərə qatlaşmaqla bu dövrü Allah, Onun peyğəmbərləri, övliyaları və salehlərin yolunun seyrinə çevirmək lazımdır. (Nisa-69).
Müvəffəqiyyət nəsimi yellərinə qucaq açın və nəfslə cihada qalxıb, hidayət və müvəffəqiyyət qazanın. özünüzü büdrəmə və tənəzzül amillərindən hifz edin. Bəzi amillər Əbu-həmzə Somalinin şərafətli duasından bəyan olunmuşdur: «Mənim ağam! Yoxsa məni öz dərgahından qovub, xidmətində bəndəlikdən məhrum etmisən? Bəlkə, səhlənkarlığımı görüb, özündən uzaqlaşdırdın, üz döndərdiyimi görüb, özbaşına buraxdın? Yoxsa, bəxşişlərin qarşısında minnətdarlıq etmədiyimi görüb, binəsib etdin? Bəlkə, alimlərdən uzaq görüb, xar etdin, qafillərlə görüb, rəhmətindən məyus qoydun? Yoxsa, məni batil əməl sahibləri arasında görüb, onların öhdəsinə buraxdın? (Səhifeyi-səccadiyyə, 2-ci cild).
Yuxarıda sadalanan səbəblər müvəffəqiyyətsizliyin, Allahdan uzaqlığın, qəlb qaranlığı və digər fəsadların səbəbləridir. Bütün bunlar həqiqi fəzilətlərin və mənəvi dərəcələrin kəsbi üçün maneədir.
İnsan üçün səadətbəxş xüsusiyyətlərdən biri də layiq nəsihətlər təmənnasıdır. Allah sizin bu mənəvi dərkinizi, bəsirətinizi artırsın. Bu halı əldə etmək üçün Allaha şürk edin. Heç vaxt əxlaqınızı, nəfsinizi boş buraxmayın. Quran tilavətində davamlı olun. Ən azı əxlaq, məad, ilahiyyət, maarifə aid hissələri əzbərləyin. Allahı zikr etməklə şeytani xəyalları qovun. «Şeytani xəyallar hücum çəkəndə pəhrizkarlar Allahı zikr edirlər» (Əraf-201).
Hal - hazırda elmə yiyələnmək üçün ilahi tövfiqiniz var. Elmi məqamları məqsəd seçin. Cəmiyyətin faydalı bir üzvü olmaq, böyük xidmətlər göstərmək, müsəlmanları yadlara möhtaclıqdan qurtarmaq üçün bacardıqca çalışın.
Hər zaman həzrət Mehdinin (ə.c) zühurunun intizarında olun, onun nurlu könlünü sevindirən əməllər hazırlayın.
Uca Allahdan sizin üçün tövfiq, dünya və axirət səadəti istəyirəm.