“Şeytan ramazanda zəncirlənir” nə deməkdir?
İslaminSesi.info - Hədislərdə və digər dini mətinlərdə Ramazan ayında Şeytanın əllərinin bağlandığı çox qeyd edilib. Görəsən doğurdanmı Şeytan zincirlənir? Elə isə görəsən bu ayda olan günahlara kim “fitva” verir?
Əxlaq ustadları bu məsələdə əsas iki diqqət olunası mətləbə işarə ediblər:
Birinci orucun sipər olması məsələsidir. Yəni insan oruc tutmaqla özünü müdafiə edir. Oruc tutan bəzən hər hansı bir işi görmək istəsədə edə bilmir. Çünki bu vəziyyəti onun əlini qolunu bağlayır. İxtiyarını əlindən alır. Hətta demək olar ki, bir ay oruc olanın fiziki gücüdə azalır, çünki bədəni zəifləyir. Belə aydın olur ki, Şeytanın zəncirlənməsində əsas amil oruc tutmaq yox, orucun insanda qoyduğu təsirdir.
Necəki Allah Rəsulu buyurub: Şeytan Adəm övladının bədənində, qanında dolaşır, elə isə aclıqla onun yollarını sıxışdırın və maneə yaradın. ( Biharul-ənvar .C-70.S-62 )
Hədisdən göründüyü kimi oruc insanın şeytanla mübarizə vasitəsidir. İnsan oruc vasitəsi ilə həm şeytana, həm də nəfsi əmmarəsinə ( pisliyə dartan nəfs) qalib olur. Nəfsini cilovlayır, şeytanı isə özündən uzaqlaşdırır. Hədislərdə nəfsin və şeytanın ram edilməsi üçün ən gözəl silah orucluq tövsiyyə edilib.
Allah Rəsulu buyurub: “ Nəfsinizlə aclıq və susuzluqla mübarizə aparın” ( əl-Məhəccətul-bəyda. C-5.S-146 )
Həzrəti Əli (ə) buyurub: ” Nəfsin əsir edilməsində və adətlərin sındırılmasında ən yaxşı köməkçi ac qalmaqdır.” (Ğurərul Hikəm-9944 )
İkinci; Bu ayda Allah Təala tərəfindən xüsusi inayətin və xüsusi rəhmətin olmasıdır ki, şeytanın əl qolunu bağlayır. Bu ayda dualar qəbul olur, edilən ehsanlar və münacatlar yüksək dərəcədə ilahi dərgahda qiymətləndirilir. Təbii ki bütün bunların müsbət nəticəsi sonda insanın özünə qayıdır və şeytanla mübarizə aparmaq üçün sipərinə, silahına çevrilir.
Nəticədə insan öz mübarizliyi və səyi ilə, birdə xüsusi ilahi inayətlə açıq aşkar olan düşməninə qalib gəlib onu həbs etməyi bacarır./Y.Nuriyev